Hacı Azadə Taleh Abbasqızı Əbədiyyət ağacının yarpaqları (POEMA)
31 dekabr bayram keçirənlərin nəzərinə
Mən bu günü #Şəhidlərə həsr etdiyim yeni #”Əbədiyyat ağacının yarpaqları” poemamla şəhid ailələrinin yanındayam.
Şəhidlərimizlə birgə 32 yaşlı oğlum #Talehin də ruhu şad olsun.
Qarabağ #Azərbaycandır!
Proloq
Yağı düşmən, görüm əlin qırılsın,
Ocağında cəhənnəmlər qurulsun,
Oğlun, qızın sinəsindən vurulsun,
Necə qıydın şəhidimə, sən necə?
Şama dönüb əriyirəm hər gecə!
Aman Allah, bu nə ölüm, nə qandır!..
İgidlərim, cənnət sizə məkandır!
Ey insanlar, toxunmayın, amandır!
Dəli könlüm qan eyləyir, ağlaram,
Tufan olub, leysan olub çağlaram!
Ruhlarınız uca dağlar kimidir,
Xatirəniz yaşıl bağlar kimidir.
Göz yaşlarım gur bulaqlar kimidir,
Gecə-gündüz göz yaşımı tökürəm,
Dan yerini kirpiyimlə sökürəm!
Bir dastan başladım sizə yazmağa,
Səbrim yoxdu, haqqım yoxdu susmağa!
Azadə bənzəyir dumanlı dağa,
Başım üstə ildırımlar oynayar,
Sinəmdə söz şəlaləsi çağlayar!
Birinci yarpaq
Aman Allah, heç ölməyib elə bil,
Necə yatır torpaq üstə şəhidim.
Üzündə nur, dodağında təbəssüm,
Sıra-sıra, dəstə-dəstə şəhidim!
Döyüşlərdə qəhrəmanlıq göstərən,
Düşmənləri cəhənnəmə göndərən,
Bu torpağa öz canından can verən,
Nəğmə deyim qoy ahəstə, şəhidim.
Söz bağından tər çiçəklər dərərəm,
Qəbrinizə qucaq-qucaq sərərəm…
Xatirindən nələr keçdi görəsən,
Nə düşündü son nəfəsdə şəhidim?..
Ikinci yarpaq
Mənim cənnət mələklərim,
Talehimə salam deyin.
O da sizə qardaş oldu,
O da sizə yoldaş oldu.
Mənim gözəl şəhidlərim,
Eşqi əzəl şəhidlərim.
Ruhunuza həsr edəcəm
Şeir, qəzəl, şəhidlərim.
Üçüncü yarpaq
Bir avazla oxudu ki, Xudayar,
Bağrım başı yandı, yandı, köz oldu.
“Xudayar təsnifi” qaldı yadigar,
Qəlbimizdə közə dönən iz oldu.
Şəhidlər qəlbimi oda qaladı,
Qolum üstə boz buludlar ağladı,
Yolum üstə yalquzaqlar uladı,
Duman oldu, leysan oldu, sis oldu.
Azadəyəm, sözə salmışam meyil,
Sözsüz keçən heç bir günüm gün deyil!
Qəm əlindən havalandım elə bil,
Göz yaşlarım sahilsiz dəniz oldu!..
Dördüncü yarpaq
Yuxu qaçıb gözümdən,
Xəbərsizəm özümdən.
Qələm çağırır məni,
İlham pərim yanımda.
Bir müqəddəs nəğməni
Oxuyuram bu anda.
Həzin-həzin astaca,
Yazı masam üstəcə.
O nəğmə ki, bəndləri,
Nəqarəti Vətəndir.
Mən sadəcə xəttatam,
İlham – İlahidəndir!
Vətən mənim bu günüm,
Vətən mənim dünənim.
Zəfərinə qurbanam,
Azərbaycanım mənim!
Beşinci yarpaq
Vətən bizim canımız,
Nəfəsimiz, qanımız.
Qəhrəmanlar yurdudur,
Can Azərbaycanımız.
Vətən bizim gözümüz,
Ən müqəddəs sözümüz.
Onu kimsə qorumaz
Qorumasaq özümüz.
Vətən tariximizdir,
Eşqi safdır, təmizdir.
Qarabağ – Azərbaycan,
Qədim məskənimizdir!
Altıncı yarpaq
Əzizinəm bu ellər,
Bu obalar, bu ellər.
Şanlı Vətən, səninçün
Candan keçər bu ellər.
Yeddinci yarpaq
Mən aşiq bu bayrağa,
Üç rəngli bu bayrağa.
Od qoyaram düşmənə
Toxunsa bu bayrağa.
Səkkizinci yarpaq
Əzizinəm qəfəsdən,
İz qalmadı qəfəsdən.
Xarıbülbül sevinir,
Xilas oldu qəfəsdən.
Doqquzuncu yarpaq
Əzizim Şuşa gözəl,
Dağları qoşa gözəl.
İndən belə oxların
Toxunmaz daşa, gözəl.
Onuncu yarpaq
Əzizinəm Zəngilan,
Cənnət yurdum Zəngilan.
Düşmən geri çəkildi,
Gözün aydın, Zəngilan.
On birinci yarpaq
Əzizinəm Qubadlı,
Elim, günüm Qubadlı.
Hüsnün dillər əzbəri,
Yaşıl gözlü Qubadlı.
On ikinci yarpaq
Mən aşiqəm Laçına,
Qartal yurdu Laçına.
Sancdı bayrağımızı
Bizim ordu Laçına.
On üçüncü yarpaq
Mən aşiq Kəlbəcərə,
Şeh düşüb çiçəklərə.
Allahım, mənə güc ver,
Mehman olum o yerə.
On dördüncü
Əzizim Ağdam gözəl,
Bu elim, obam gözəl.
Gülüstana çevrilsin,
Azərbaycanım gözəl.
On beşinci yarpaq
Mən aşiq Xudafərin,
Arazın suyu sərin.
Üçrəngli bayrağımla
Bəzənib Xudafərin.
On altıncı yarpaq
Cəbrayıl nur üzlü şəhid,
Ruhun şad olsun, şad olsun.
Qələbə çaldı ordumuz,
Ruhun şad olsun, şad olsun.
Vuruşdun qəhrəman kimi,
Dilə düşdün dastan kimi.
Titrədi qəlbimin simi,
Ruhun şad olsun, şad olsun.
Vətəniylə fəxr eyləyən,
“Vətən-Anadır!”- söyləyən,
Günəş kimi nur çiləyən
Ruhun şad olsun, şad olsun.
On yeddinci yarpaq
Adını tarixə yazdı,
Düşməninə məzar qazdı,
İgidlik dastanı yazdı
General Polad Həşimov!
Vuruşdu mədri-mərdanə,
Döndü nağıla, dastana.
Zinətdi Azərbaycana
General Polad Həşimov!
O, şir idi, aslan idi,
Şücaətli insan idi.
Ölümsüz bir dastan idi
General Polad Həşimov!
On səkkizinci yarpaq
Bu Vətənlə fəxr eləyin,
Koroğluların yurdudur!
Oğlu aslan, qızı aslan,
Qəhrəmanların yurdudur!
Bu bayraqla fəxr eyləyin,
Azərbaycan bayrağıdır!
Bu torpaqla fəxr eyləyin,
Çünki Vətən torpağıdır!
On doqquzuncu yarpaq
Hər biri dastan oğullar,
Hünərli aslan oğullar.
Sizinlə qürur duyur,
Azərbaycan, oğullar!
Şəhadətiniz mübarək,
Ürəyində min bir dilək.
Sizə şeirdən toxudum
Mən də ətirli bir çələng.
Məkanınız cənnət sizin,
Bu müqəddəs qismət sizin!
Adınızı yaşadacaq
Bu el, oba, millət sizin!
Epiloq
Azadəyəm, könlüm dolu,
Bu müqəddəs zəfər yolu
Mənə “yaz, yarat!”-söylədi,
Sözlərimə qanad verdi.
İndən belə şəhidlərə
Neçə dastan yazılacaq!
Azərbaycan neçə ki, var,
Onlar unudulmayacaq!
Azərbaycan! Odlar yurdum!
Zəfər çaldı igid ordum!
Hünərini görsün cahan,
Yaşa, yaşa, Azərbaycan!
Yaşa, yaşa, Azərbaycan!
Ümid Tv
Hacı Azadə-Taleh Abbasqızı