Rəhman Cəbiyevin Mübariz Mənsimovla bağlı MÜRACİƏTİ

ÜMİDTV.com: Əziz Azərbaycan xalqı, dəyərli Türkiyə vətəndaşları, sevimli Mübarizsevər Azərbaycanlılar.
Azərbaycanımızın fəxr edəsi övladları çoxdur. Bu yaxınlarda Azərbaycanımızın fəxri olan Mübariz Mənsimovun qardaş Türkiyədə həbs olunması, bir azərbaycanlı olaraq məni də çox kədərləndirdi. O Mübariz ki, dünyanın dəniz səmasında daim Azərbaycanın və Türkiyənin bayraqlarını dalğalandırıb, ehtiyacı olanların səsinə səs verib, yüzlərlə xəstələrin müalicə xərclərini qarşılayıb, Türkiyədə Azərbaycanlı tələbələrin yüksək təhsilə sahib olmaları üçün onlara dəstək olub, mənzilə ehtiyacı olanlara mənzil bağışlayıb və bütün dünyada Azərbaycanın təssübünü çəkib. Belə bir şəxsiyyətin hansısa terror qruplaşması ilə əlaqədə olmasına biz də inanmırıq və bir azərbaycanlı olaraq belə bir halın mövcud olmasını ağlımıza belə gətirmirik. Düşünürük ki, bu məsələdə hardasa bir anlaşmamazlıq var. Qardaş Türkiyənin hüquq sisteminin ədalətinə güvənirik. Onu da qəbul edirik ki, hardasa şübhə doğuran hallara aydınlıq gətirilməsi, yalnız aparılan obyektiv istintaq araşdırması nəticəsində üzə çıxarıla bilər. Bir Azərbaycanlı olaraq nə qədər bunu qəbul etməsək də, Mübariz bəyin həbs olunması ilə razılaşmasaq da, irəli sürülən ittihamların Mübariz Mənsimovla heç bir əlaqəsinin olmamasını dilə gətirsək də, yenə də qardaş Türkiyə dövlətinin Qanunlarına, öz ölkəmizin Qanunları qədər hörmətlə yanaşmaq borcumuzdur.
Yaranan vəziyyətdən sui-istifadə edənlər də çoxdur. Əsasən də ölkə xaricində olanlar bu vəziyyətdən yararlanmağa cəhd göstərirlər. Sosial şəbəkədə xoşagəlməz şüarlarla statuslar paylaşanlar kifayət qədərdir. Unutmayaq ki, biz hüquqi dövlətdə yaşayırıq və Azərbaycanlıyıq. Atddığımız hər bir addım, səsləndirdiyimiz hər bir fikr, paylaşdığımız hər bir status, bizdən daha da diqqətli və məsuliyyətli olmağı tələb edir. Mübariz Mənsimova dəstək şüarları iki qardaş ölkənin münasibətlərinin əksinə xidmət etməməlidir. Azərbaycan Türkiyə qardaş ölkələrdir. Gəlin birlikdə səbrlə qardaş Türkiyə dövlətinin rəsmi münasibətini və aparılan istintaqın nəticəsini gözləyək. Şüarımız yalnız Mübariz Mənsimova dəstək şüarı olmalıdır. Başqa heç bir xöşagələməz şüarlar səsləndirməyə haqqımız yoxdur. Bundan sonra yayımlanacaq kadrlarımız yalnız Mübariz Mənsimova dəstək xarakterlidir. Onun hər iki ölkə üçün xidmətlərini nümayiş etdirmək bizim ona sivil dəstəyimizi nümayiş etdirməkdir.
Ümid Tv Azərbaycan kanalının rəhbəri olaraq, hər birimizi səbrli və təmkinli olmağa çağırılram !