Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam

Respublikamızda müxtəlif mövzularda tele-debatlar yalnız bir telekanalda bir verilişdədir: Space Tv də yayımlanan El Bizim Sirr Bizim...
Mən də El Bizim Sirr Bizim verilişində iki dəfə qonaq olmuşam. Buna görə də Elçin Əlibəyliyə təşəkkürümü bildirirəm. İndi isə bir neçə dəfə özüm də qonaq olduğum bu bu veriliş haqda olan fikirlərimi bildirəcəm.
El Bizim Sirr Bizim verilişinin müsbət cəhətləri çoxdur. Ən ali müsbət cəhəti ondan ibarətdir ki, bəlkə də Azərbaycan teleməkanında yeganə verilişlərdəndir ki, verilişə qonaq qismində çıxanlardan ödəniş alınmır. Bu çox gözəl bir haldır. O verliş sayəsində bir sıra jurnalistləri, şairləri və s. müxtəlif peşə nümayəndələrini xalqımız tanıyır.
İndi isə başlayım qəbul etmədiyim cəhətlərə...
El Bizim Sirr Bizim verilişində bir neçə gün öncə də qonaq qismində iştirak etdim. Verilişin qonaqları da ədəbiyyat xadimləri idi. Yəni kifayət qədər ciddi şəxslər idi. İstisna olsa da hər biri ədəbiyyatımızda iz qoyan şəxslər idi. Mövzu da maraqlı idi: Ədəbi mühitdə al-ver...
Mənə mövzu deyiləndə ədəbi mühitdə bir sıra məqamları, ədəbiyyatımızda hiss etdiyim çatışmayan cəhətləri ziyalılarımızla müzakirə etməyi düşünürdüm. Amma veriliş daxilində mən tamamilə fərqli bir mühitlə qarşılaşdım.
Şair Anar Amin reytinq xətrinə mən və Elşad Barat və Nuranə Nur istisna olmaqla bütün qonaqları təhqir etdi...
Sözün doğrusu mən hər zaman ziyalılarımızın bir-biri ilə təhqirlə danışığına tamamilə qarşı olmuşam.
Elçin Əlibəyli sizi sayıb, seçib dəyər verib efirə dəvət edib, sizin isə quru reytinq xətrinə efirdə digər qonağı təhqir etməyinizi mən heç bir Azərbaycan ziyalısına yaraşdırmıram.
Təbii ki, mən də bu məsələyə laqeyd yanaşa bilməzdim. Verilişdə baş verənlərə münasibətimi bildirdim. İlk olaraq söylədim ki, bir birimizə hörmətlə yanaşmalıyıq, bir-birimizi dinləməyi bacarmalıyıq. Tele-məkanda hələ xaricdə yaşayan həmyerlilərimizi hesablamasaq 10 milyonluq Azərbaycan xalqı bizi izləyir. Onlar da efirə dəvət olunan hər kəsi ziyalı kimi bilib hörmət bəsləyir. Amma efirdəki qonaqlar biri-birini təhqir edirlərsə bu tamamilə yolverilməzdir! Onlar özləri də fərqinə varmadan reytinqin əlində alət olub, xalqın arasında hörmətdən düşürlər...
İndi keçək verilişdəki hadisəyə münasibətimə...
Anar Amin verilişdəki müxtəlif qonaqlardan şeir, vəya hər hansı bir tutarlı misra istəyərkən düşündüm ki mən də Anar Amindən bir misra şeir istəyim: Cavabında isə, "sən ədəbiyyatda danışdığım ən sonuncu adamsan" "sən kiməsə vəkillik eləmə" və sair ifadələr eşitdim.
Təsəvvür edin, Xalq şairi Musa Yaqubu yamsılamaqla gündəmə gələn, Aləmzər xanım demişkən Azərbaycan ədəbiyyatına yalnız "nanay" ifadəsini gətirməyi bacaran Anar Amin bir sıra ziyalılarımızı tənqid və hətta təhqir belə edir.
Maraqlıdır, budurmu bizim ədəbiyyat xadimləri?! Belədirmi bizim şairlərimiz?!
Hələ mənə də təklif etdilər ki, gərək sən veriliş başlayandan camaatın sözünü kəsməliydin. Amma mənim üçün daha önəmli reytinq deyil, xalqın bildirdiyi münasibətdir. Bundan sonra dəvət edilməyə də bilərəm verilişə, normal haldır. Əsas odur ki, söhbət zamanı aradakı hörməti qoruyub-saxlamağı bacarıram.
Tənqid etmək normal haldır, mənim də kiminsə fəaliyyətindən xoşum gəlməyə bilər, kimisə bəyənməyə bilərəm, tənqid edə bilərəm və eləcə də məni də. Amma təhqir yolverilməzdir!
Sonda bunu da vurğulamaq istərdim ki, bir insan özünü efirə hazır bilmədən efirə çıxırsa bu özü qeyri-peşəkarlıqdır. Efirə çıxan dinləməyi bacaran, etik normalarına riayət edən, "insan şəxsiyyətini alçaldacaq ifadələrə" yol verməyən biri olmalıdır ki, izləyici onu bir ziyalı kimi görə bilsin. Efir mədəniyyəti olmayan, və ya reytinq xətrinə qəsdən etikadan kənara çıxan birinin efirə çıxması özü də normal hal deyil...
Elcan Məmiyev / Ümid Tv