Muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 212 milyon manatı ötüb

ÜMİDTV: Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2021-ci il 1 yanvar tarixinə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 212 milyon 399 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 7 milyon 934 min manat, uzunmüddətli kredit qoyuluşu isə 204 milyon 465 min manat təşkil edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktları Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən kollegiya iclasında idarənin sədri Elvin Axundov səsləndirib.
İdarənin sədri bildirib ki, kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bank və kredit təşkilatları tərəfindən 2020-ci ilin yanvar-dekabr ayları ərzində 179 milyon 473 min manat kredit verilib ki, bunun da 18 milyon 893 min manatını qısamüddətli, 160 milyon 580 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 13 milyon 357 min manatı kənd təsərrüfatı, 18 milyon 561 min manatı sənaye, 562 min manatı tikinti, 4 milyon 397 min manatı kommersiya, 1 milyon 112 min manatı nəqliyyat, rabitə və informasiya, 3 milyon 571 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 922 min manatı səhiyyə və sosial xidmət sahəsinə,136 milyon 991 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. Həmçinin kredit təşkilatları tərəfindən 2020-ci il ərzində 186 fiziki şəxsə 237 ədəd olmaqla, 5 milyon 97 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.
Qeyd edilib ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində 153-ü hüquqi, 36 min 391-i fiziki şəxs olmaqla, 36 min 544 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının 36 min 519-u işlək hesab olub ki, onların 149-u hüquqi, 36 min 370-i fiziki şəxsdir.
Ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi məqsədilə POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb, onların sayı 2021-ci il 1 yanvar tarixinə 690 ədədi Naxçıvan şəhərində, 720 ədədi isə rayon və kənd mərkəzlərində olmaqla, 1410 ədəd təşkil edib. Hesabat ili ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 89 milyon 399 min manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 milyon 848 min manat artıb. Aparılan nağdsız ödənişlərin 31 milyon 542 min manatı POS-terminallar vasitəsilə, 57 milyon 857 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Həmçinin 1 yanvar 2021-ci il tarixə elektron ödəniş kartı alanların ümumi sayı 265 min 583 ədəd təşkil edib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisasının tələbələri ilə onlayn şəkildə dərslər keçirilib, videogörüşlər zamanı tələbələrin hazırlıq səviyyəsi yoxlanılıb. Eyni zamanda, tələbələrin muxtar respublikada fəaliyyət göstərən banklarda dövlət imtahanqabağı təcrübə keçmələri təşkil edilib.
Sonra digər çıxışlar dinlənilib.