Azərbaycanlı alim ABŞ-da keçiriləcək konfransa sədrlik edəcək
ÜMİDTV: Fizika İnstitutunun icraçı direktoru, Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə müdiri, fizika elmləri doktoru Anar Rüstəmov martın 15-dən 19-dək ABŞ-ın Lourens Berkli adına milli laboratoriyasında keçiriləcək beynəlxalq konfransa sədrlik edəcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, pandemiya ilə əlaqədar builki konfrans "Zoom" platforması üzərindən təşkil olunacaq. Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN), Almaniyanın Ağır İonların Elmi-Tədqiqat Mərkəzi, ABŞ-ın Lourens Berkli adına milli laboratoriyası və Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutu konfransın təşkilində iştirak edirlər.
Qeyd edək ki, CPOD (Critical Point and Onset of Deconfinement) silsilə konfransdır və indiyə kimi Almaniya, ABŞ, Rusiya, Polşa, Çin və Yunanıstanda keçirilib. Konfransın əsas məqsədi müxtəlif enerjili nüvə toqquşmalarında yaranmış adron mühitinin xassələrini, bu sahədə yerinə yetirilmiş nəzəri və təcrübi işləri müzakirə etməkdir. Konfransda son illərdə ALICE, HADES, NA61/SHINE və STAR təcrübələrində alınmış nəticələr müzakirə olunacaq və onların nəzəri işlərlə müqayisəli təhlili yerinə yetiriləcək. Həmçinin yaxın gələcəkdə planlaşdırılan FAIR və NICA kompleksləri və onların planları göstəriləcək.