“AZƏRİQAZ”IN SƏHLƏNKARLIĞI: YANĞINSÖNDÜRƏNLƏR VAXTINDA SÖNDÜRƏ BİLMƏDİLƏR . GÜNAHKAR KİMDİR?

ÜMİDTV: Xəbər verdiyimiz kimi, 21 fevral gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük Sovxozu deyilən ərazidə, Binə Çörək Zavoduna gedən yol məhəlləsində 1 mərtəbəli fərdi yaşayış evinin yanması səbəbi ilə yanğın hadisəsi baş vermişdi.
Sakinlərin FHN-nin Qaynar xəttinə zəngindən sonra, Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlsələr də, fotodan göründüyü kimi, “Azəriqaz” ASC-nin əməkdaşlarının nəzarəti altında yolun məhəlləyə dönən hissəsində Qaz kəmərinin normativlərə uyğun quraşdırılmaması səbəbindən, Yanğındanmühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə daxil ola bilməyiblər.
Yanğınsöndürənlər məcburiyyət qarşısında qalıb, təxminən 250 metrlik məsafədən su borularını keçirtmə yolu ilə hadisə yerinə qədər uzadıblar. Yaranan bu vəziyyət vaxt itkisinin yaranmasına səbəb olmuşdur. Yangınsöndürənlər müdaxilə edənədək fərdi yaşayış evi artıq yanaraq tam yararsız hala düşüb. Xoşbəxtlikdən həmin gecə evdə heç kim olmayıb.
Hadisə yerindən diqqət çəkən məqamlardan biri də o idi ki, Yanğından Mühafizə Xidmətinin məsul şəxsi “Azəriqaz”ın əməkdaşları ilə əlaqə saxlayıb hadisə yerinə gəlmələrini xahiş ediblər. Lakin “Azəriqaz”ın əməkdaşları hadisə yerinə gələ bilməyəcəklərini bildiriblər.
Ərazidə yaşayan sakinləri narahat edən məsələ isə, yol ayrıcında normativə uyğun çəkilməyən qaz kəmərinin hələ də yerində olduğu kimi qalmasıdır.
Sakinlər bildirirlər ki, "heç kim belə hadisələrdən sığortalanmayıb. Bu vəziyyətdə hər hansı bir yanğın hadisəsi həmin ərazidə baş verərsə, yenidən YMX-nin yanğınsöndürənləri, məhz həmin yol ayrıcında quraşdırılan qaz kəmərinin ucbatından küçəyə daxil ola bilməyəcəklər. Nəticədə bu daha ağır fəsadlara səbəb ola biləcək."
Sakinlər təxirəsalmadan həmin kəmərin normativə uyğun daha yüksək hündürlüyə qaldırılmasını və ya ləğv edilib başqa yerdən çəkilməsini tələb edirlər.
Məsələ ilə bağlı “Azəriqaz “ ASC-nin 185 Qaynar xətt nömrəsinə zəng vurub əməkdaşla əlaqə saxladıq. Qaynar xətt nömrəsindən suallarımızı cavablandıran əməkdaş, məlumatın qeydə alındığını və aidiyyatı üzrə yönləndirdiyini bildirdi.
İnanırıq ki, “Azəriqaz” ASC-ti baş verən hadisəni və sakinlərin tələblərini nəzərə alıb, dərhal operativ olaraq hərəkətə keçəcək və məsələni yoluna qoyacaq.
Mövzunu diqqətdə saxlayacağıq.