Lerik sakinləri Prezidentə minnətdarlığını bildirdi - MÜSAHİBƏ

Lerik sakinləri Prezidentə minnətdarlığını bildirdi - MÜSAHİBƏ

Lerik sakinləri Prezidentə minnətdarlığını bildirdi - MÜSAHİBƏ

Lerik sakinləri şəhid ailələrinə və qazilərə göstərilən sonsuz qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər

Birinci Qarabağ müharibəsi qazisi, Andurma kənd sakini Teymur Köçəriyev :

-Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər tariximizi yazdı. Erməni tapdağı altında olan Qarabağ torpaqları azad edildi, Vətənimizin ayrılmaz tərkib hissəsi olan Qarabağın 30 illik həsrətinə son qoyuldu. Bu Qələbə Ali Baş Komandanımız İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməyimiz sayəsində, əsgər və zabitlərimizin canı və qanı bahasına qazanıldı.
Mən Birinci Qarabağ savaşının od-alovundan keçmişəm, döyüşlərdə ağır yaralanıb müharibə əlili olmuşam. Səhhətim imkan vermədi ki, 44 günlük Vətən savaşında iştirak edim. Lakin özümü daim döyüşçü dostlarımın sırasında hiss etmişəm. Şəhər və kəndlərimiz bir-bir düşməndən geri alındıqca sevincimdən göz yaşı axıtmışam. Şəhid olan döyüş dostlarımı yadıma salmışam. Müzəffər Ordumuzla qürur duymuşam.
Şəhid ailələrinə və qazilərə ölkə Başçısı cənab İlham Əliyevin qayğı və diqqətini biz Qarabağ əlilləri daim görür və bu qayğıdan bəhrələnirik. Lerik şəhərində şəhid ailələri və müharibə əlilləri üçün 2 çoxmənzilli bina, kəndlərdə fərdi yaşayış evləri tikilib sakinlərin istifadəsinə verilmişdir. Qazilərin böyük əksəriyyəti minik avtomaşını ilə təmin olunub. Onların sağlamlıqlarının bərpası üçün lazımi şərait yaradılıb.
Cari il fevralın 25-də Bakının Ramana qəsəbəsində şəhid ailələrinə və müharibə əlillərinə mənzillər təqdim olunarkən Ali Baş Komandan İlham Əliyevin bizə diqqət və qayğısının bir daha şahidi olduq.


Lerik şəhər sakini Dilarə Fətullayeva :

-Mənfur düşmənlərimizin işğalçılıq siyasəti, təxribatları ilə heç vaxt barışmayan Azərbaycan ötən il sentyabrın 27-dən bir haqq savaşına, ədalətin bərpa olunması uğrunda mücadiləyə atıldı. 44 günlük Vətən Müharibəsində xalqımız həqiqətən böyük bir Zəfər tarixi yazdı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, bizim müharibəmiz azadlıq müharibəsi, ədalətli müharibə olduğuna görə əsgər və zabitlərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirdilər. İgidlərimiz şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldılar, yaralı döyüşçülərimiz Qələbə sevinci ilə şəhid silahdaşlarının qisasını düşməndən alaraq ev-eşiklərinə qayıtdılar. Biz onlarla qürur duyuruq.


Bilnə kənd sakini Xasay Şəbiyev :

-Bu günlərdə Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bir daha bəyan etdi ki, şəhid ailələrinə və qazilərə qayğı dövlətin ən ümdə vəzifəsidir.
Bəli, Azərbaycan dövləti bu ümdə vəzifənin öhdəsindən bacarıqla və layiqincə gəlir. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstərilir. Artıq əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzi də yaralı döyüşçülərimizə hərtərəfli tibbi xidmət göstərməyə tam hazırdır. Bu yönümdə öz sosial siyasətinə sadiq olan Azərbaycan dövləti həm birinci Qarabağ savaşı, həm də ikinci Qarabağ döyüşü qazilərinə daim qayğı ilə əhatə olunmalarına şərait yaradacaqdır.

Lerik sakinləri ilə söhbəti qələmə aldı : Hüsaməddin Abbasov.