Ədəbiyyat İnstitutunda Elm gününə həsr olunan sessiya keçirilib.

Ədəbiyyat İnstitutunda Elm gününə həsr olunan sessiya keçirilib.

Ədəbiyyat İnstitutunda Elm gününə həsr olunan sessiya keçirilib.

ÜMİDTV:    Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş elmi sessiya keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: nailiyyətlər və vəzifələr” mövzusunda elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmlə məşğul olan insanları bu gün münasibətilə təbrik edərək Ədəbiyyat İnstitutunda son illərdə görülmüş işlər və hər bir şöbənin fəaliyyəti haqqında ətraflı çıxış edib. İnstitutun direktoru akademiyanın Humanitar Elmlər Bölməsinin digər institutları ilə müqayisədə Ədəbiyyat İnstitutunun elmlər və fəlsəfə doktorlarının kəmiyyət etibarı ilə daha çox olduğunu deyib. On cildlik ədəbiyyat tarixinin üç cildinin artıq çap olunduğunu, 2021-ci ildə yeddi cildinin çapının nəzərdə tutulduğunu bildirib.
Akademik İsa Həbibbəyli Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən hazırlanan “Molla Nəsrəddin” ensiklopediyası”nın nəşrini ədəbiyyatşünaslıq qarşısında böyük töhfə adlandırıb. Erkən yeni dövr və ortaq başlanğıc şöbəsi tərəfindən Xaqani Şirvaniyə, Ədəbi tənqid şöbəsi tərəfindən Məmmədcəfər Cəfərova aid monoqrafiyaları, Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən iki cildlik nəzəriyyə kitablarının çapını yüksək qiymətləndirib. “Nəsimi ili” ilə əlaqədar olaraq 2019-cu ildə Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində əsaslı işlər görüldüyünü, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının çapını xüsusi qeyd edib. Folklor şöbəsinin Aşıq Ələsgərin 200 illik yubileyinə hazırlıq prosesi, Asiya xalqları ədəbiyyatı şöbəsinin şöbəsinin Çin, Pakistan, Hindistan və başqa ölkələrlə bağlı kitablar hazırlaması təqdir edilib. Dünya ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Uşaq ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrinin fəaliyyəti və çapdan çıxmış kitabları haqqında məlumat verib. “Ədəbiyyatşünaslıq plyus” yaradıcılıq birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxlarının, “Elmi informasiya və tərcümə” şöbəsi tərəfindən hazırlanmış “Biblioqrafik göstərici” kitablarının ardıcıl nəşr olunmasından söz açıb. Bunlardan başqa onlarla Beynəlxalq Elmi Konfranslara ev sahibliyi edildiyini, əməkdaşların çoxlu sayda konfranslarda çıxışlarını qeyd edib. Otuza yaxın ölkəylə ədəbi münasibətlər istiqamətində imzalanmış müqavilələr, Prezidentin Sərəncamları istiqamətində görülmüş böyük işlər haqqında məlumat verib.
Sonra Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli həmkarlarını təbrik edərək “Azərbaycan ədəbiyyatında istiqlal mövzusu”nda məruzə ilə çıxış edib. Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycanda “Nizami Gəncəvi ili” və Ədəbiyyat İnstitutunun tədbirləri” haqqında ətraflı məlumat verərək görülmüş və görüləcək işlərdən bəhs edib. İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Ədəbiyyat nəzəriyyəsi müasir mərhələdə” mövzusunda məruzə edərək şöbənin altı elmlər doktoru və beynəlxalq səviyyədə qəbul edilmiş dörd fəlsəfə doktorunun olduğunu, “Poetika.izm” jurnalının nəşrinə məsul şöbə olduqlarını diqqətə çatdırıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Türk xalqları ilə qarşılıqlı ədəbi əlaqələrimizin yeni mərhələsi (Ədəbiyyat İnstitutunun nümunəsində)” məruzəsində institutda bu istiqamətdə Türk xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin fəalliyyət göstərdiyini vurğulayıb.

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir sıra beynəlxalq indekslərə daxil olduğunu və bir neçəsinə də müraciət olunduğunu, həmin jurnalda məqalələrin əksəriyyətinin türk xalqları ədəbiyyatına aid olduğunu bildirib. 2020-ci ildə bir sayı Özbəkistan ədəbiyyatına həsr olunan jurnalın bu il bir sayının Abay Kunanbayevə həsr olunacağını deyib. Məruzədə Türkiyə, Özbəksitan, Tükmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Qaraçay və digər türk respublikalarının ədəbiyyatı istiqamətində institutda aparılmış araşdırmalar haqqında geniş məlumat verilib. 

Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı “Azərbaycan-Tatarıstan ədəbi əlaqələri” mövzusunda çıxış edib. İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Azərbaycan-Polşa ədəbi əlaqələri”ndən bəhs edən məruzəsində bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində danışıb.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi