Ərdoğan: “Həm UEFA, həm də “Formula 1” məsələsində siyasi qərar aldılar”
Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasının kitabxanasında təşkil olunan “Kitabxana söhbətləri” layihəsinin ikinci görüşündə ölkənin müxtəlif bölgələrindən olan gənclərlə bir araya gəlib.
Görüş zamanı dövlət başçısı maraqlı açıqlamar verib.
İstanbulda keçirilməli olan Çempionlar Liqası finalının və “Formula 1” üzrə Qran-pri yarışının ləğvi məsələsinə toxunan prezident hər iki halda siyasi xarakterli qərarların verildiyini bəyan edib.
“Həm UEFA, həm də “Formula 1” məsələsində, məncə siyasi qərar aldılar. Xüsusən də, Çempionlar Liqasında iki İngilis komandası finala çıxdıqdan sonra vəziyyət dəyişdi. İngiltərə Baş nazirilə heç cür əlaqə yarada bilmədik, bu məsələdə UEFA-ya çox təzyiq etdi. Biz də dostlarımız və İngiltərədəki nazirlər vasitəsilə lazımi addımları atdıq və yekunda 2023-cü il Çempionlar Liqası finalını bizə, builkini isə Portuqaliyaya verdilər.
“Formula 1”də də ötən il uğurlu bir yarış gerçəkləşdirdik. İştirakçıların hamısı istər təşkilatçılığın, istərsə də yarış trasının onlar üçün əlverişli və çox gözəl olduğunu dedilər. Bu il də əvvəlcə yarışın bizə verildiyini söylədilər. Lakin bir anda təkrar buradan çıxardılar”, - deyə Ərdoğan bildirib.