A.Xramçixin: “Bakı İrəvanı heç bir şəkildə təhdid etmir” - MÜSAHİBƏ
Maksimum “stavka” etmək və bundan sonra nə çıxacağını gözləmək təbii davranışdır.
Bu barədə Rusiyanın aparıcı hərbi mütəxəssislərindən biri, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçıxin Azərbaycan və Ermənistan sərhəddində baş verənlərlə bağlı İrəvanın KTMT-yə müraciətini Caliber.Az-a şərh edərkən bildirib.
O, nəzəri cəhətdən olsa belə bu cür “sərhəd münaqişəsi”nin ancaq həqiqi miqyaslı bir qarşıdurma olduğu təqdirdə və KTMT üzvlərindən birinə açıq təcavüz olduğu yerlərdə təşkilatın kollektiv təhlükəsizlik sisteminin işə düşə biləcəyini deyib.
“İndiki halda belə bir şey yoxdur”, - deyə o, əlavə edib.
- Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov həmkarı Tacikistanın XİN rəhbəri Sirociddin Muhriddin ilə danışıqların ardından Rusiyanın KTMT çərçivəsində, Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində köməklik göstərməyi təklif etdiyini, delimitasiya və demarkasiya üzrə Ermənistan-Azərbaycan komissiyası yaratmaq təşəbbüsü ilə çıxış etdiyini deyib. Buna cavab olaraq İrəvanda bildirildi ki, sərhədlərin delimitasiya və demarkasiya proseslərini yalnız Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etdikdən sonra müzakirə edəcək. Azərbaycan sakitliyini qətiyyətlə qoruyur, amma İrəvan ora-bura vurnuxur və Moskvadan onlara deyilənlərə zidd bəyanatlar verməyə davam edir. Bəlkə də bu, yaxınlaşan seçkilərlə əlaqədardır?
- Mənə Ermənistan üçün hansı daxili motivlərin olduğu barədə danışmaq çətindi. Amma əlbəttə ki, seçkidən əvvəl xarici qarşıdurma məsələsi olduqda mövqelər həmişə sərtləşdirilir.
Ancaq Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsi məsələsinin həllinin zəruriliyi tamamilə aydındır. Əslində buna qədər sərhəd mövcud deyildi, indi isə olmalıdır.
- Ermənistan Müdafiə Nazirliyi sərhəddəki vəziyyəti güc üsulu həll etmək hüququnu özündə saxladığını açıqlayıb. Yeni müharibə mümkündürmü? Ermənistan kəskinləşməyə gedəcəkmi?
- Bu çətin sualdır, heç nəyi istisna etməzdim. İrəvan ən azı hansısa revanş istəyir. Amma Ermənistan indi döyüşməyə psixoloji cəhətdən nə dərəcədə hazırdır? Düşünürəm ki, Ermənistan tərəfi müharibədə maraqlı olmayan Rusiyanın fikrini dinləyəcək.