Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA

Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA

Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA

Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA

Bakıda bağça müəlliməsi müdiri tərəfindən döyüldüyünü iddia edir.

Bu barədə Oxu.Az-ın redaksiyasına “White City Kindergarden” uşaq bağçasında işləyən müəllimə Səfərova Vəfa Bahadur qızı şikayət ünvanlayıb.

V.Səfərova iddia edir ki, bağçada maaşlar vaxtında verilmədiyi üçün işdən çıxmaq istəyib və bu zaman sözügedən bağçanın müdiri İnarə Məhərrəmova ilə aralarında yaranan mübahisə zəminində döyülüb:

“08.05.2021 il tarixində bağçadan işdən çıxmaq istədim. Buna görə bağça müdiri İnarə Məhərrəmova qəflətən mənə hücum edərək döydü. Bu barədə Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə müraciət etdim. Polis əməkdaşları gələnə qədər İ.Meherremova qaçdı. Məni Xətai rayon 37-ci Polis Şöbəsinə apardılar. Hadisə ilə bağlı orada izahat yazdım.

Ayın səkkizindən bu günə qədər polislər heç bir tədbir görməyiblər. Ötən gün bu işə baxan polis mayoru ilə əlaqə saxladım. Mənə dedi ki, “biz qarşı tərəflə əlaqə saxlaya bilmirik, telefonlarımızı götürmür, bağçaya da gəlmir”. Mənim bədənimdəki xəsarətlər, yaralar sağalır, lakin aldığım psixoloji travma keçmir. Bu işin arxasında kim durubsa, o, polisə də tabe olmur. Bu gün işçisini döyən, sabah uşaqlara da ziyan vurar.

Ordan çıxdıqdan sonra yaxınlıqdakı bağçaya müəllimə kimi işə düzəldim. Məni tanıyan valideynlər də uşaqlarını mənim yanıma həmin bağçaya gətirdilər. Amma İ.Məhərrəmova mənim ondan oğurluq etdiyimi deyərək məni ittiham edir. Əgər oğurluq etmişəmsə, məndən nə üçün şikayət etmir?”.

Haqqındakı iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün “White City Kindergarden” uşaq bağçasının müdiri İnarə Məhərrəmova ilə əlaqə saxladıq.

İ.Məhərrəmova 3 illik işçisinin onun haqqında irəli sürdüyü fikirlərin əsassız olduğunu deyib:

“Bu bağça “White City Kindergarden” 3 ildir fəaliyyət göstərir. Fəaliyyətə başladığımız gündən ilk kollektivin içərisində Vəfa Səfərova və digər iki nəfər olub. Mən onlara etibar edib, işləri tapşırırdım. Lakin, o xanım mənim biznesimi batırdı, bağçanı dağıtdı. Son dönəmdə valideynlərdən pul istəyib, işdən sonra bağçada qalaraq xoşagəlməz, əxlaqsız hərəkətlərə yol verib. Maaşların gecikməsi olmayıb, gəlib çəkiliş edə bilərsiniz. Mənim onu döydüyümü deyir, lakin belə bir şey olmayıb. O tibbi rəyi də pul ilə alıb. Bunların hamısı barədə biz materialları toplayırıq, dəymiş ziyanı hesablayıb polisə şikayət edəcəyik. Bu məsələ belə qalmayacaq, hüquqi qiymət verilməsi üçün əlimizdən gələni edəcəyik.

Qəti mən onu döyməmişəm. Bu məsələ araşdırılıb. Yenə deyirəm, dəfələrlə mən ona tapşırmışam ki, bu xoşagəlməz hərəkətlərə son versin. Dəfələrlə həyat yoldaşı tərəfindən döyülüb. Onların ailəsi ilə bağlı polisdə bir neçə araşdırma aparılır, oğurluq, insanlara pul atmaq və s. məsələlərdə adları hallanır”.

İ.Məhərrəmova isə iddia edir ki, V.Səfərova bu işləri tək yox ətrafındakı iki nəfərlə birlikdə edib:

“Mən onlar barədə də qanunvericiliyə uyğun ölçü götürülməsini tələb edəcəm. Bu məsələ ilə bizim iki vəkilimiz işləyir. Bir həftənin içərisində bağçada oğurluq olub. Uşağın qulağından bir gün bir sırğa, digər gün o biri sırğası oğurlanıb. Necə olubsa, bağçada kamera işləməyib. Valideynlər uşaqların döyülməsi ilə bağlı V.Səfərovadan şikayət edirlər. Bəzi valideynləri yığır və onları üzbəüzdə yerləşən digər bağçaya dəvət edir. Təsəvvür edin bu məsələ başlayandan araşdırma aparıram, mətbəxdə uşaqların qidalanması üçün alınması lazım olan ərzaqlarda çatışmazlıqlar aşkarlamışam. Şit yağı yerinə marqarin yağı aldırıb, tualet kağızları oğurlanıb və s.

Bütün bunlara şahidlərimiz var. Bu bir ilin işi olmayıb, onlar komanda şəklində bu işləri görüblər. V.Səfərova qonşu bağçanın sürücüsü ilə münasibət yaradıb və onunla əlbir olaraq bizim bağçanın şəxsi məlumatlarını, ödəniş kağızlarını, valideynlərin əlaqələrini və s. onlara ötürüb. Bütün bunlar hamısı toplanır ki, hüquqi qiymət verilməsi üçün polisə təqdim olunsun. Hazirda mən çalışıram ki, biznesimi batmaqdan xilas edim. Bu söhbətlər mənim bağçama, qazandığım nüfuza ziyan vurub. Çalışıram ki, valideynlərin etibarını yenidən qazanım, vəkillərimiz bu məsələ ilə məşğul olurlar. Heç kimdən də gizli heç bir işim yoxdur. Bu məsələ yekunda ictimailəşdiriləcək”.

Hər iki tərəf məsələdə bir-birini günahlandırır. Lakin məsələ ilə bağlı şikayətin ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində olduğunu nəzərə alaraq, araşdırmanın hansı mərhələdə olduğunu öyrəndik.

Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev cavablandırıb.

O bildirib ki, sözügedən məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olan müraciət üzrə tədqiqat araşdırmaları davam etdirilir:

“Müraciətə polisin laqeyd yanaşması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Şikayətlə bağlı müvafiq məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertiza rəyindən asılı olaraq, toplanmış digər materiallar əsasında əmələ hüquqi qiymət veriləcəkdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma prosesi müəyyən müddət tələb edir. Qeyd edim ki, polis heç bir halda vətəndaşlardan daxil olan şikayətlərə, müraciətlərə etinadsız yanaşmır”.

Könül Cəfərli