Özəl banklar kredit verilişini artırıb

Özəl banklar kredit verilişini artırıb

Özəl banklar kredit verilişini artırıb

2021-ci il may ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 14 milyard 987 milyon manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz az, aylıq müqayisədə isə 1,8 faiz çoxdur. 

Bu isə o deməkdir ki, aprel ayı ərzində bankların kredit portfelinin həcmi 250 milyon manata yaxın artıb. Ölkədə problemli kreditlərin həcmi isə 921,5 milyon manat olub və ötən ayla müqayisədə 0,4 faiz (3,3 milyon) artdığı halda, illik müqayisədə 25,2 faiz (310,9 milyon manat) azalıb. Vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit portfelinin 6,1 faizini təşkil edir.

Kreditlərin 2 milyard 848,1 milyon manatı dövlət bankları tərəfindən təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz, aylıq müqayisədə isə 0,8 faiz çoxdur.

Özəl banklar tərəfindən isə 11 milyard 763,7 milyon manat həcmində kredit verilib. İllik müqayisədə kredit həcmi 2,7 faiz az, aylıq müqayisədə isə 2,1 faiz çoxdur. Bir ay ərzində özəl bankların kredit portfelinin həcmi 237,1 milyon manat artıb.

Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların kredit portfelinin həcmi aprel ayının 1-nə olan göstərici ilə eyni - 375,7 milyon manat olub. Əlavə edək ki, bu illik müqayisədə 7,2 faiz azdır.

2021-ci il may ayının 1-nə olan göstəricilərə əsasən, əhalinin istehlak kreditlərinin (ev təsərrüfatı) həcmi 7 milyard 44,7 milyon manat olub. Bu isə cəmi kreditlərin 47 faizini təşkil edib. İstehlak kreditlərinin həcmi illik müqayisədə 5,1 faiz, ötən ayla müqayisədə isə 2,5 faiz çoxdur. Aprel ayı ərzində istehlak kreditlərinin həcmi 175,4 milyon manat artıb.

Həmçinin, ticarət və xidmət sektoruna 2 milyard 558,7 milyon manat kredit qoyuluşu edilib ki, bu da illik müqayisədə 4,2 faiz, aylıq müqayisədə isə 1,7 faiz çoxdur.

Hesabat dövründə sənaye və istehsal sektoruna 914,8 milyon manat, nəqliyyat və rabitə sektoruna 871 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 564,1 milyon manat, energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektoruna 778,4 milyon manat, inşaat və tikinti sektoruna 688,8 milyon manat kredit qoyuluşu edilib.  

Nigar Məmmədova