MİQ imtahanında yüksək nəticə göstərmiş İlkin Əzizlinin həyat hekayəsi
El-obasına bağlı olan insanlar həmişə gözümdə üstün insanlar olub. Mən də həmişə bacardığım qədər öz el-obamı üstün tutmağa, ona müsbət mənada xeyir verməyə çalışmışam.
27 yaşım olsa da, bu vaxta qədər bir neçə məktəbdə fəaliyyət göstərmişəm.
Lerik şəhərində 4 məktəb fəaliyyət göstərir. Bu məktəblərin 3-də müəyyən zamanlarda dərs demişəm. Hər məktəbdə sevimli şagirdlərim olub. Onların rəğbətini qazanmağa çalışmışam.
2019-cu ildə nazirlik tərəfindən zəng olunaraq bir neçə kənd məktəbində fəaliyyət göstərmək təklif olundu. Kəndlərin rayonla məsafəsi uzaq olduğu üçün və səhhətim buna imkan vermədiyi üçün işləyə bilmədim.
2019-cu ildən məlum oldu ki, böyrək çatışmazlığından əziyyət çəkirəm. Həkim böyrək transplantasiyasının vacib olduğunu bildirdi!
Allahın, anamın və siz xeyirxah insanların sayəsində çox yubanmadan hər şey öz həllini tapdı. 2021-ci il yanvarın 13-də gözlədiyimiz əməliyyat baş tutdu. Həmin gün həm sevincli, həm də çox həyəcanlı idim. Sözün düzü, bu cür ağır əməliyyatdan çox qorxurdum. Allaha çox şükürlər olsun ki, əməliyyat uğurla başa çatdı. Bir ay özümü çox yaxşı hiss etdim.
Əməliyyatdan bir müddət keçdikdən sonra özümü çox pis hiss etməyə başladım. Nahara, günortaya peçenyenin bir parçasını yeməklə kifayətlənirdim. Bu bəlanın nə olduğunu həkimlər də dəqiq müəyyənləşdirə bilmirdilər. Allah Elnur Fərəcov doktordan razı olsun. Onun sayəsində bildik ki, bağırsağıma virus düşüb. Bu virusun ağrısı-acısı, mənim fikrimcə, əməliyyatın ağrısından da dəhşətli idi!
Elnur doktorun müalicələrindən sonra təxminən mart ayında çox çətinliklə də olsa, bu bəlanı özümdən dəf edə bildim!
Tez-tez həkimə gedir, sistemlər köçürülürdü. Bu çətinliklər içərisində bacardığım qədər kitabları da mütaliə edirdim. Qarşıma məqsəd qoymuşdum ki, müəllimlərin işə qəbulu imtahanına hazırlaşıb yüksək nəticə əldə edim.
Xəstəxanaya gedərkən belə vaxtımı boşa vermək istəmirdim. Çətin də olsa, həkimin növbəsi mənə çatana qədər telefona yüklədiyim testlərdən, məlumatlardan oxuyurdum. Evdə də əlimdən gələni edirdim. Allaha şükürlər olsun ki, zəhmətimiz boşa getmədi. İmtahanda uğur qazandım.
Müsahibə mərhələsində müəllimlərdən biri mənə sual verdi ki, topladığınız bu balla niyə məhz rayonu seçdiniz?
Mən cavab verdim ki, uşaqlıqdan arzum olub ki, öz doğma el-obamda uşaqlara elm öyrədim, dərs keçim. O mənə dedi ki, el-oba deyərkən nə üçün məhz öz rayonunuzu nəzərdə tutursunuz. Axı Azərbaycanımızın digər rayonları da var. Mən bir cümlə ilə cavab verdim:" Vətən doğulduğun yerdən başlayır". Həmçinin rayonlarda təhsil alan şagirdlərin bizlərə daha çox ehtiyacı olduğunu vurğuladım.
Allahdan arzu edirəm ki, bizə can sağlığı versin. Can sağlığımız olsun ki, bu sevimli peşəmizi davam etdirək.
Şəkildən gördüyünüz kimi seçdiyim məktəb dağların əhatəsində yerləşir. Bu dağların əhatəsindən hələ çoxlu peşə sahibləri yetişib dünya təhsilinə öz töhfələrini verəcəklər!