Azərbaycan və Türkiyənin gənclər təşkilatları arasında memorandum imzalanıb – FOTO
İstanbulda İslahatçı Gənclər İctimai Birliyi (İGİB) ilə Türkiyə Gənclik Birliyi (TGB) arasında Türkiyə və Azərbaycan Gəncliyi “Qardaşlıq və Əməkdaşlıq Anlaşması” imzalanıb.
Hər iki ölkədən media mənsubları və gənclərin iştirakı ilə baş tutan mərasimində memorandumu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Türkiyə Gənclər Birliyinin başqanı Dilək Çınar imzalayıb.
Mərasimdə Anlaşma Memorandumunun mətni media üçün oxunub.
Çıxış edən Fərid Şahbazlı və Dilək Çinar bildirib ki, regionda və dünyada yaranan yeni reallıqlar fonunda Azərbaycan və Türkiyə gənclərinin birgə və fəal əməkdaşlığını zərurətə çevrilib.
Qeyd olunub ki, əldə olunan razılaşma çərçivəsində iki ölkə gənclərinin qarşılıqlı səfərləri təşkil ediləcək, Azərbaycan və Türkiyəyə qarşı həyata keçirilən informasiya təxribatlarına qarşı birgə mübarizə aparılacaq.
Eyni zamanda iki ölkənin gəncləri Azərbaycanın işğaldan azad edilən torpaqlarının siyasi, strateji, iqtisadi əhəmiyyəti, turizm potensialının beynəlxalq platformalarda və mediada təbliği üçün birgə fəaliyyət göstərəcək.
İki qardaş ölkənin gəncləri Türkiyənin və bölgənin təhlükəsizliyinə qarşı təhdid yaradan terror təşkilatlarının beynəlxalq müstəvidə ifşası üçün ciddi iş aparacaq.
Bundan başqa iki ölkə gəncləri arasında tarix və mədəniyyət sahəsində də birgə layihələr həyata keçiriləcək.