“Exit poll”: Vahid Rusiya Partiyası parlament seçkilərində qalib gəlib
Vahid Rusiya Partiyası Dövlət Dumasına bu gün keçirilən seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 % səsini yığıb, həmçinin zəruri olan 5 %-lik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatları - Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və "Ədalətli Rusiya"nı üstələyib.
Bu göstəricilər İNSOMAR şirkəti tərəfindən seçicilər arasında keçirilmiş sorğunun - “exit poll”un nəticələrində yer alıb.
Məlumata görə, "Vahid Rusiya" 45,2 %, Rusiya Federasiyası Kommunist Partiyası – 21 %, Rusiya Liberal Demokrat Partiyası - 8,7 %, "Ədalətli Rusiya" - 7,9 % səs toplayıb. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7 % səslə "Yeni insanlar" Partiyası göstərib.
Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası lider olub.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45 %-i ötüb.