Ocaqnejat Bakıdan qaçmaqla hər şeyi etiraf etdi...

Ocaqnejat Bakıdan qaçmaqla hər şeyi etiraf etdi...

Ocaqnejat Bakıdan qaçmaqla hər şeyi etiraf etdi...

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejatın bağlanan ofisi bir çox məkrli planların da sonu oldu.

Ocaqnejatın əli ilə ölkəmizdə sabitliyin və etimad mühitinin aradan qaldırılmasına xidmət edən oyunlar nəticəsiz qaldı.

Rəhbərlik etdiyi ofisin apardığı təbliğatla insanların inanclarına toxunan, ayrı-seçkilik təbliğ etməklə onlar arasındakı etimadı zədələyən və zəhərli fikirləri insanlara aşılamaqla məşğul olan bu şəxs zərərsizləşdirildi.

 

Ölkəmizə diplomat kimi göndərilsə də, əslində dövlətlərarası diplomatik münasibətlərin yüksək səviyyədə inkişafına yönəlmiş fəaliyyəti rəhbər tutmalı olsa da, Ocaqnejatın pərdəarxasında gördüyü işlər ortadadır. Ocaqnejat zahirən diplomat olsa da, casus kimi fəaliyyət göstərir, din xadimi adı altında Azərbaycana təsir imkanı yarada biləcək şəbəkənin formalaşdırılması ilə məşğul idi.

 

İran özünə sərf etdiyi məqamlarda səsini yüksəltməyi də, sərf etməyəndə həqiqətlərə qarşı ölü sükutu nümayiş etdirməyi də yaxşı bacarır. Elə məsələ Ocaqnejata gələndə də beynəlxalq hüquq yada düşmür, İranın diplomatik pasport verdiyi şəxsin Azərbaycanda hansı işlə məşğul olmasına baxılmır, göz yumulur.

 

Bütün beynəlxalq konvensiyaların əksinə, diplomatik qayda və normalara zidd şəkildə fəaliyyət göstərən Ocaqnejatın nəyə görə öz missiyasından başqa hər işlə məşğul olması İranı narahat etmir. Bunun səbəbi isə aydındır. Çünki, Ocaqnejat özbaşına hərəkət etmir, üzvü olduğu “molla” icmasının əmrlərini qeyd-şərtsiz yerinə yetirirdi. Odur ki, bu məqamda İran da, diplomatı da diplomatik fəaliyyət hayında deyildi.

Ocaqnejat diplomat görkəmində peşəkar bir “missioner” idi. Hələ Tehrandan gələrkən qarşısına bir missiya qoyulsa da, mahiyyəti heç də diplomatik xarakter daşımırdı.

 

Məhz bu səbəbdən onun məskəni hansısa diplomatik nümayəndəlik deyil, öhdəliyinə götürdüyü tapşırıqları icra üçün daha uyğun hesab etdiyi Hüseyniyyə məscidi idi. Həmin müqəddəs məkan azərbaycanlı möminlər tərəfindən Allahın evi kimi qəbul edilsə də, Ocaqnejat bu müqəddəs məkanda Tanrıya deyil, Azərbaycana qarşı təhlükə yaratmaq üçün istifadə olunacaq şəbəkənin hazırlıqlarına xidmət edirdi.

 

Diplomat olaraq fəaliyyəti görünməsə də, Ocaqnejat xalqı zəhərləyə biləcəyi bir çox məclislərdə peyda olur, əlinə düşən fürsətləri boşa vermirdi. Səmimi kimi görünmək və din barədə çıxışlarında bir qədər “baməzə” insan obrazı yaratmaqla xalq arasında özünə müsbət imic formalaşdırmağa çalışırdı. Onun tələsinə düşənlər, sonradan Ocaqnejatın təsir gücünü artırmağa xidmət edir, ancaq bundan xəbərdar olmurdular. Ocaqnejatın fəaliyyətində ikrah hissi doğuran ilk məqam onun din xadimi qiyafəsinə büründüyü halda, dindən öz məqsədləri naminə istifadəsi idi. Yəni formalaşdırmağa çalışdığı şəbəkəni qurmaq üçün baza olaraq din amili seçilmişdi. İlk növbədə insanların mənəvi dəyərləri və inancları vasitəsilə ələ alınması üçün onların İslama, İslam peyğəmbərinə, öz məzhəblərinə sevgisinin istismar edilməsi qarşıya məqsəd qoyulmuşdu. Məzhəb amili qabardılmaqla həm də insanlar arasında süni narahatlıq, süni təhdidlər formalaşdırılırdı. Dindarlara əslində sadəcə İran mollalarının maraqlarına xidmət edən “həll yolları” təlqin edilməklə gizli şəkildə əməkdaşlığa cəlb olunurdular.

 

Bu təhlükəli və bir o qədər də xain addımın ifşası gecikmədi. Üstəlik də Ocaqnejatın şəxsən atdığı etiraf xarakterli addımla...

Diqqət yetirsək görərik ki, din amilini qabartmaqla əslində xidmət etdiyi əqidənin cəfəng iddialarını və gizli planlarını Azərbaycan əhalisi arasında təlqin etməyə çalışan Ocaqnejat çarəni Bakıdan qaçmaqda görüb. Bəli, Ocaqnejat Bakını tərk etməyib, məhz sözün əsl mənasında dabanına tüpürüb buradan qaçıb. Artıq ifşa olunduğunu anlayan Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi öz ölkəsinə qaçmaqla yuxarıda qeyd etdiyimiz həmin o etiraf da etmiş olub.

 

Çünki hər kəs bilir ki, qaçışının ardında gizli məqamlar, xain niyyətlər və xəyanət dayanır. Bu qaçış İranla çoxəsrlik ənənələrə və ortaq dəyərlərə sahib Azərbaycan xalqına xəyanətin ən böyük etirafı sayılmalıdır. Məqsədinə çatmadan ifşa olunan, iç üzü açılan Ocaqnejat amansız xəstəlik kimi azərbaycanlıların dini baxışlarına hopdurmağa çalışdığı zəhərli düşüncələrini də götürüb qaçmaqla Bakıdakı fəaliyyətinə bir növ öz qiymətini verdi.

 

Məskən tutduğu Hüseyniyyə məscidində dindarların şüurunu yumaqla onları özləri də bilmədən İran mollalarının “müqəddəs yoluna” dəvət edən bu şəxs başqa heç bir əlavə şərhə gərək qoymadan hər şeyi açıq şəkildə boynuna aldı. Bununla həm də Azərbaycana qarşı bu cür düşüncələrə qapılmaq kimi “səhv”ə yol verənlərin aqibətini hər kəsə göstərdi.

 

Ocaqnejatın qaçışı onun illərdir formalaşdırmağa çalışdığı şəbəkənin sonu olduğu kimi, İran tərəfinə də növbəti dərs oldu. İranlı “diplomat”ın həm iç üzü ortaya çıxarıldı, həm də bu gizli planı onun özü etiraf etdi...

Orxan Tağıyev