Böyük Britaniya azərbaycanlıları Zəfər Günü münasibətilə fləşmob təşkil ediblər - VİDEO
Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının bir sıra şəhərlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər fləşmobu keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə London, Mançester, Aberdin, Nyukasl, Koventri, Kanterberi, Birminhem, Kembric, Nottinqem, Leverinqton və digər şəhərlərinin müxtəlif yerlərində baş tutan fləşmoblar zamanı soydaşlarımız xalqımızı Zəfər Günü münasibətilə təbrik ediblər.
Onlar Azərbaycan bayrağını dalğalandırıb, “Zəfər Günün mübarək, Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”, “Biz Azərbaycan Qəhrəmanları ilə qürur duyuruq!”, “Xarıbülbül Qarabağ Qələbəsinin rəmzidir”, “Azərbaycan Qarabağı azad edib”, “Qarabağ Bizim Qələbəmizdir!”, “Sülh Qarabağa döndü. Biz Qarabağı geri qaytardıq. #8 noyabr 2020”, “Yaşasın azad Qarabağ, azad Şuşa!” və digər şüarları nümayiş etdiriblər.
Aksiyalar zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi güllərin düzülməsi və şamların yandırılması ilə yad edilib.