KİV: “Ermənistanın silahlı qüvvələrin baş qərargah rəisi həbs olunacaq”
Ermənistanın yeni müdafiə naziri Suren Papikyan ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın işdən çıxarılması ilə bağlı qərar qəbul edib.
Ermənistan mediasında Davtyanın işdən çıxarılmasına iki səbəb göstərilir. Birincisi, silahlı qüvvələrin döyüş səmərəliliyinin və təşkilatçılığının səviyyəsi qeyri-qənaətbəxş qiymətləndirilir ki, buna görə birbaşa məsuliyyəti silahlı qüvvələrin baş qərargah rəisi daşıyır.
İkincisi, Davtyan keçmiş müdafiə naziri David Tonoyan və silah tədarükçüsü David Qalstyanla bağlı rezonans doğuran korrupsiya işində şahid qismində çıxış edir.
KİV-də bildirilir ki, Davtyanın bu işdəki statusu tezliklə dəyişəcək: ona qarşı ittiham irəli sürüləcək. Silahlı qüvvələrin baş qərargahının hazırkı rəisinin həbs olunması da istisna deyil.