“İrəli” gəncləri Ulu Öndərin anım günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib - FOTO
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ərəfəsində “İrəli” İctimai Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Baş tutan tədbirlər çərşivəsində “İrəli” gəncləri Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin və eləcə də Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.
Müstəqil Azərbaycan dövlətçiliyinin banisinin əziz xatirəsi Lənkəran şəhərində keçirilən “İZ” gənclər düşərgəsində də yad edilib. Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində birliyin nümayəndələri və düşərgə iştirakçıları Ümummilli liderin Lənkəran şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb. Tədbir iştirakçıları Ulu öndərin azərbaycançılıq məfkurəsinin davamçıları olan gəncliyin inkişafının intibah dövrünə qədəm qoyduğu, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirildiyi xüsusi olaraq vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ön sıralarında gənclər olan rəşadətli ordumuzun Vətən müharibəsində Qarabağ həsrətinə son qoyması da təməli möhkəm qurulan bu siyasətin bariz nümunəsi kimi qeyd olunub.
“İZ” gənclər düşərgəsi iştirakçıları AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı ilə görüşüblər. Ulu öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası mövzusunda, diskussiya formatında keçən görüşdə Ümummilli liderin əsasını qoyduğu dövlət siyasəti və ölkəmizin inkişafında rolu haqqında məlumatlar verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb. Layihə iştirakçıları ilə keçirilən görüşdə müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, müdrik siyasəti haqqında danışılıb, tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs edilib.
“İrəli” gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası da təşkil olunub. Ulu öndərin adını daşıyan Mərkəzdə gənclərə Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilib. Ümummilli liderin həyat yolundan danışılaraq bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri qalib xalqın nümayəndələri kimi bütün sahələrdə özlərini doğruldurlar. Qeyd olunub ki, Ulu öndər 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə edib. Onun “Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - sözləri hər kəsin həyat devizinə çevrilib.
Anım günündə Tvitter və Feysbuk sosial şəbəkələri vasitəsilə Ümummilli liderin həyat fəaliyyəti, tarixə düşən kəlam və ifadələri həştaqlar vasitəsi ilə paylaşılıb.
“İrəli” İctimai Birliyinin tədbirlər planı çərçivəsində gənclərin diqqətinə çatdırılıb ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Bu gün hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün dəmir yumruqtək birləşməli və yumruğunu bir hədəfə vurmalıdır.