Tələbə Gənclər Ulu Öndəri silsilə tədbirlərlə yad etdilər - FOTO
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 6-12 dekabr tarixlərində “Əbədi Lider həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib.
Həyata keçirilmiş layihələr, ekskursiyalar, yürüşlər, tədbirlər və konfranslarla tələbə gənclər müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. “ÇƏTİR” proqramı çərçivəsində Vətənpərvərlik klubları şəbəkəsi və Bakı Dövlət Universiteti Tarix fakültəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyyətə aparan yol” konfransı keçirilib. Konfransda Ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycan gəncliyinin əsl vətəndaş kimi formalaşmasındakı misilsiz rolu və “azərbaycançılıq” məfkurəsi haqqında Tarix fakültəsinin professoru İbrahim Zeynalov ətraflı məlumat verib, tələbələrlə birlikdə “Unudulmaz Gün” adlı sənədli film izlənilib.
“Hədəf 5%” proqramı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən də həftə ərzində silsilə layihələr həyata keçirilib. Belə ki, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti, BDU-nun Qazax filialı, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub, Ulu Öndərin həyatı haqqında qısametrajlı filmlər izlənilib, Ümummilli liderin Azərbaycan tarixindəki rolu və fəaliyyətini özündə əks etdirən əl işlərinin nümayiş olunduğu rəsm sərgisi təşkil olunub, Ümummilli liderin müasir Azərbaycan gəncliyinin formalaşmasında rolu ətrafında müzakirələr aparılıb.
Təşkil olunan silsilə tədbirlər Ulu Öndərin əziz xatirəsinin daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və sevgi ilə anıldığını bir daha göstərdi. Bu gün Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapıb. Ulu öndərin “biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq!” kəlməsini reallığa çevirən Müzəffər Ali baş komandan İlham Əliyevin dəmir yumruğunun əsasını məhz Ulu öndərin tövsiyələrinə uyğun yetişmiş gənclər təşkil etdilər.