Bəstəkar Sevinc Tofiqqızının bəstəsi ilə "İbadımız var" klipi yayımlandı - VİDEO / ÜMİDTV
Qəhrəmanlar yetişdirən Azərbaycan, oğulların hər zaman uğrunda canlarını fəda etməyə hazır oldu. Sən canları və qanları ilə Qəhrəmanlıq səlnaməsi yazan igidlərin yurdusan. Tarix yazan Qəhrəmanların bu Xalqın ürəyinə əbədi həkk oldu. O Qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovdur.
- İbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olub. Rusiyada Sovet ordusunda xidmət edən İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıdır və öz doğma Xocəvənd rayonuna gedərək orada yerli hərbi özünümüdafiə birləşmələri yaradır. O, "kəşfiyyat-diversiya dəstəsi" yaradaraq erməni tərəfə keçir və düşməni məhv edir. Düşmənin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirir. 26 dekabr 1993-cü ildə minaya düşərək ağır yaralanır və Hospitala yerləşdirilir. Hospitaldan çıxdıqdan dərhal sonra o yenidən cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır. O, 9 oktyabr 1994-cü ildə Azərbaycan Bayrağı Ordeni ilə təltif edilir. 2015-ci ildən 2018-ci ilədək bir çox təltiv və mükafatlara layiq görülüb.
Həmçinin 2015-ci ildən 2017-ci ilədək qardaş Türkiyənin bir çox vilayətlərində İbad Hüseynovun adına küçələr verilib. İbad Hüseynova həsr olunmuş bir çox filmlər çəkilmiş və nümaiş etdirilmişdir. Onun qəhrəmanlığını əks etdirən kitablar nəşr edilmiş, poemalar, romanlar və hekayələr yazılmışdır. 2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Əməli fəaliyyəti ilə qəhrəmanlıq nümaiş etdirən Xanımlarımız da var. Vətənpərvər bəstəkar Sevinc Tofiqqızı bu dəfə bəstəsini Milli Qəhrəman İbad Hüseynova həsr etdi. Sözləri Xəlil Zeynallıya, ifası Xalq artisti Gülyanaq Məmmədovaya, bəstəsi Sevinc Tofiqqızına məxsus “İbadımız var” klipi artıq işıq üzü görüb. Klipdə Xalq artisti Nurəddin Mehdixanlıda yer alır. Milli Qəhrəmanımıza həsr olunmuş həmin klipi izləyicilərimizə təqdim edirik.
Rəhman Əhmədoğlu / ÜmidTv Azərbaycan