Gənc yazarın maraqlı hekayəsi: "Tik-tak, tik-tak"
Pərdənin arxasında gizlənmiş əllərim də saatın acımasız əqrəblərinə toxunurdu.Acımasız söylədim,çünki...Çünki o əqrəblər əllərimin məndən küsüb getdiyini bilə-bilə saatın tik-tak səslərinə geri dönüb baxmadı...İzlədi,sadəcə izlədi.Başqa heç nə...O əllər qaranlıqda öz otağına çəkilib pərdənin arxasında hönkürtü vurdu,saatın əqrəbləriysə,heç nə olmamış kimi arxasına baxmadan davam etdi.Yenə saat 04:23 və o əqrəblər dəlicəsinə rəqs edirdi.Mənim gözlərim isə aynaya baxıb korluğunun ləzzətini alırdı.Gözlərim görmürdü,istəmirdi görməyi də.Məni bu yalnızlığa məhkum etmiş dörd divara acı çəkdirirdi gözlərim.Üzümə süzülən yaşlarımsa,gözlərimdən axmırdı,onlar Ayın gecəyə olan sevdasının göz yaşlarıydı.Gəlib mənim üzümdə gizlədirdi damlaları.Yenə tik-tak səsləri,yenə əllərim məndən ayrı.O pərdənin arxasında gizlənmiş əllərim şama toxunaraq öz ömrünün çəkdiyi əzabları yandırıb yaxırdı.Yandır,yandır həsrət çəkən barmaqlarımı,yandır o əllərimlə gözlərimdən sildiyim yaşları-söyləyirdi.Dörd divar tamaşa edirdi bumbuz üzümə.Mənimlə tək qalan gözlərim idi.Göz bəbəklərim də aynanı sındırıb parça-parça olan sınıqları əllərinə alıb gedirdi.Tik-tak səsləri artırdı,artdıqca daha da dəli olurdum.Səhərin açılmasına bir azca qalmış aynanın parçaları birləşmiş,əllərimsə geri dönmüşdü.Saatın əqrəblərimi? Sönmüşdü...Ölü kimi qorxaqcasına tir-tir əsir və o boşluğun içində boğulurdu...Qaranlıqlar dəlisinin həbsxanasına məhkum olmuş əqrəblər tik-tak səslərini belə unudub üsyan edirdi...
Səma Muğanna