“Qarabağ” millimizin üzvünün Polşa klubuna keçidinə icazə verdi - Rəsmi açıqlama
Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov özünə yeni klub tapıb
Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov özünə yeni klub tapıb.
Klubdan verilən məlumata görə, futbolçu hazırda Polşanın LKS klubu ilə danışıqlar aparır.
Böyük ehtimalla R.Məmmədov bu klubla müqavilə imzalayacaq. Amma hələ ki, transfer tam reallaşmayıb.
***
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlamasında R.Məmmədovun gedişini təsdiq edib: “Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə getməklə bağlı icazə verdi. Futbolçu yaxın günlərdə həkim kontrolundan keçəcək. Prosesin uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. Klubumuz hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi hazırkı qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç bir futbolçunun buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçimiz Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik məsələyə etiraz etmədi”.