Şəhid övladı “Atəşgah sığorta”dan Prezidentə və Baş Prokurora şikayət etdi - MÜRACİƏT
Atəşgah sığorta şirkəti müştərisinin avtomobilinə dəymiş zərəri ödəməmək üçün bütün bəhanələri axtarıb tapa bilir
"Atəşgah sığorta" şirkəti müştərisinin avtomobilinə dəymiş zərəri ödəməmək üçün bütün bəhanələri axtarıb tapa bilir. Şirkət xeyli vaxtdır ki, şəhid övladı olan Əliyeva Sevil Gülalı qızının avtomobilinə dəymiş zərəri vermir. Baxmayaraq ki, avtomobil kasko sığorta olunub. Ancaq şirkət bu azmış kimi, maşının təmiri üçün müştəridən pul da istəyir. Nəticədə maşın uzun müddətdir ki, istifadəsiz vəziyyətdə qalıb. "Atəşgah sığorta" əvvəlcə Dövlət Yol Polisindən arayış verilməsini istəyib. Hadisə İsmayıllı-Lahıc yolunda avtomobilin kənarda saxlanmış vəziyyətində baş verib. Belə ki, sürücü maşını saxlayıb, düşüb və şəkillər çəkərkən avtomobilin damına daş düşüb, nəticədə ciddi ziyan dəyib. Yəni yol-nəqliyyat hadisəsi deyil, təbiət hadisəsi sayılır. Bununla belə İsmayıllı DYP sürücüyə rəy təqdim edib və o da sığorta şirkətinə verib. Ancaq nə DYP rəyi, nə kasko sığorta olması sözügedən şirkət üçün keçərlidir. Hətta vətəndaşın şəhid qızı olması və problemin mediada işıqlanması da "Atəşgah sığorta"nı maraqlandırmır. Əksinə, şirkətin nümayəndəsi bildirib ki, zərərin qarşılanması və təmiri üçün müştəri özü 250 manat ödəniş etməlidir, əlavə olaraq, "Günay finans"dan təmirə razılıq ərizəsi alınıb sığorta şirkətinə təqdim olunmalıdır. Zərər çəkmiş isə bildirir ki, kasko sığorta olduğu halda niyə şirkət təmirin xərcinin bir hissəsini tələb etməlidir?! Ümumiyyətlə, adıçəkilən sığorta firması bu problemin həlli üçün heç bir iş görmür və məsələyə laqeyd yanaşır. Şəhid ailəsi bununla bağlı Prezidentdən, Baş Prokurordan işin araşdırılması üçün diqqət göstərilməsini xahiş edir.
Anaxeber.info
Anaxeber.info