Gürcüstanda nə baş verir?

Rəşad Əliyev Müstəqil və azad medianın qalmadığı bir ölkədə yaşayırsınızsa, sizin bu cür vacib mövzulara dair keyfiyyətli və dürüst təhlil tapmağınız çox çətindir

Gürcüstanda nə baş verir?

Rəşad Əliyev

Müstəqil və azad medianın qalmadığı bir ölkədə yaşayırsınızsa, sizin bu cür vacib mövzulara dair keyfiyyətli və dürüst təhlil tapmağınız çox çətindir. Cəmiyyət əsasən Mirşahin, Haqqin-az, Xəzər, APA AzTV, Caliber kimi dürüst jurnalistikadan uzaq olan mənbələrin ümidinə qalıb. Tam şəkildə dövlət tərəfindən idarə olunan və onun propaqanda siyasətini icra edən bu qurumların sizə təqdim etdiyi təhlillər və məlumatlar təbii ki nə obyektiv, nə də dürüst deyil. Onların vəzifəsi məlumatları manipulyasiya etmək və sizi həqiqətlərdən mümkün qədər uzaqlaşdırmaqdır. Doğru və obyektiv məlumatlar olmadan insanlar baş verənləri təhlil etməkdə və anlamaqda çətinlik çəkir. İnsanlar ümumiyyətlə nəyin doğru, nəyin manipulyasiya olduğunu anlaya bilmir və getdikcə hər şeyə inamını itirərək, laqeydləşir, arsızlaşır.

Həmin bu media qurumları və ictimai şəxslər hər bir vasitə ilə Gürcüstanda Rusiyayönümlü qüvvələrin ortaya çıxardığı “xarici agentlər haqqında qanunu” bizim təsəvvürlərimizdə normallaşdırmağa çalışır. Məsələn, onlar həmin qanunun ABŞ-da mövcud olan Xarici Agentlərin Qeydiyyatı Qanunu (FARA) ilə müqayisəsini aparırlar və iddia edirlər ki, guya Gürcüstandakı qanun FARA-dan fərqlənmir və deməli ABŞ-da mövcud olan bir qanunun Gürcüstanda və ya Rusiyada tətbiq olunmasına da normal baxmalıyıq. Amma təbii ki, bu, həqiqətə uyğun deyil. Bizim medianın apardığı bu propaqandanı nəzərə alaraq, ABŞ-ın FARA qanunu ilə Gürcüstandakı “xarici agent qanununun” ən mühüm fərqini qeyd etməkdə fayda var.

Bu ikisi arasında ən əsas fərq “xarici agent” anlayışına verdikləri tərifdir. Gürcüstandakı qanun layihəsinə əsasən əgər hər hansı qeyri-kommersiya qurumu öz maliyyəsinin 20%-dən artıq hissəsini xaricdən alırsa, xarici agent hesab olunur və buna görə məcburi dövlət qeydiyyatı üçün müraciət etməlidir. Əgər müraciəti qəbul edilsə və qeydiyyatdan keçə bilsə, xarici agentlərin dövlət reyestrinə salınaraq fəaliyyətinə icazə veriləcək (Bu yerdə, vaxtilə bizdə müstəqil QHT-lərin qeydiyyata alınmasındakı qanunsuzluqları yada salmaq yerinə düşər). Qeydiyyat və hesabat qaydalarının pozulmasına görə isə ağır maliyyə sanksiyaları tətbiq olunur. Ən maraqlısı da odur ki, bu zaman xaricdən alınan vəsaitin xarici hökumətdən yoxsa şirkətdən, təşkilatdan, fonddan və ya şəxsdən gəlməsinə heç bir fərq qoyulmur. Halbuki, ABŞ-ın müvafiq qanununa görə yalnız xarici dövlətin və ya partiyanın nəzarətində olan, xarici dövlətin göstərişiylə hərəkət edən və həmin xarici dövlətin maraqlarına xidmət edən şəxslər (hüquqi və ya fiziki) xarici agentlər hesab edilir. Yerlə göy qədər fərq var.

Yəni Gürcüstanda təklif edilən qanun layihəsinə görə hansısa qurumun xarici agent hesab olunması üçün qeyd etdiyim bu cəhətlərin (xarici dövlətin təlimatı və nəzarəti ilə hərəkət etmək, xarici dövlətin maraqlarına xidmət etmək) mövcud olması vacib deyil. Sadəcə maliyyənin 1/5-ni xaricdən almaq xarici agent hesab edilmək üçün kifayət edəcək. Özü də fərqi yoxdur bu vəsaiti humanitar təşkilatdan alırsan yoxsa fonddan, şirkətdən alırsan yaxud şəxsdən. Ucdantutma hamı xarici agent hesab ediləcək. FARA qanununa əsasən isə xarici agent hesab edilmənin şərtləri daha ağırdır və bunun üçün həmin şəxsin fəaliyyətində yuxarıda qeyd etdiyim bütün elementlərin olması vacibdir, yəni sən xarici dövlətin təlimatı və nəzarəti ilə hərəkət etməlisən, onun maraqlarına xidmət etməlisən.

ABŞ-da xaricdən qrant alan çox sayda təşkilatlar, hətta media qurumları var, amma ABŞ onları xarici agent kimi qeydiyyata almır. Ümumiyyətlə FARA qanunu QHT və media qurumlarına demək olar ki toxunmur və onlara qarşı, onları sıxışdırmaq üçün istifadə olunmur. Gürcüstandakı qanuna görə isə xaricdən pul alan bütün elm, təhsil, mədəniyyət, idman və sair sahələrdə fəaliyyət göstərənlər də, ən əsası isə hökumətin işinə nəzarət edən sivil toplum təşkilatları da, müstəqil media da, bir sözlə vətəndaş cəmiyyətinin böyük bir hissəsi xarici agent hesab edilərək bu qanundan irəli gələn məhdudiyyətlərə və cəzalara məruz qalacaq. ABŞ-dan fərqli olaraq, Gürcüstandakı qanun layihəsinin tək məqsədi ölkədə müstəqil medianı və vətəndaş cəmiyyəti institutlarını sıxışdırıb, bizdəki kimi məhv etməkdi. Onları məhv etdikdən sonra ölkədə nə söz və fikir azadlığı, nə qorunan insan haqları, nə də qanunun aliliyi qalacaq. Hökumətin fəaliyyətinə nəzarət edən olmadığı üçün, hökumət də öz növbəsində ürəyi istədiyini edə biləcək və tədricən bizdəki kimi avtoritarlaşacaq.

Yeri gəlmişkən, bu yaxınlarda ABŞ-da cinayət törətməkdə (o cümlədən SOCAR-dan pul almaqda) ittiham edilən konqresmen Henry Cuellar-ın işi üzrə Hyuston federal məhkəməsində daha bir neçə nəfərə, o cümlədən ABŞ-da yaşayan həmyerlimiz İradə Axundovaya qarşı da məhz bu xarici agentlər haqında qanunu (FARA) pozmaq maddəsiylə ittiham irəli sürülüb və o, ittihamı qəbul edib. İttihama görə Axundova, dövlət neft şirkəti adından konqresmenin ailəsinə pul ötürülməsinə vasitəçilik edib və bunları xarici agent kimi qeydiyyatdan keçmədən edib. Məhkəməsi sentyabrda baş tutacaq və əgər təqsiri tam sübut olunarsa, onu 5 ilədək həbs cəzası və/və ya 250 min dollara qədər cərimə gözləyir.