Dövlət Komitəsinin sədri Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb
16 may 2024-cü il tarixdə Türkdilli Dövlətlər Təşkilatının (TDT) sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş ilə görüşüb.
Qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Komitə sədri dostluq, qarşılıqlı etimad və müxtəlif sahələrdə maraqların yaxınlığına əsaslanan hərtərəfli əlaqələrin yüksək səviyyəsini vurğulayıb.
Naxçıvan şəhərində bünövrəsi qoyulmuş TDT-nin bu gün dünyanın fəal aktorlarından birinə çevrilməkdə olduğuna diqqət çəkən Komitə sədri, təşkilatın təkcə regional deyil, həm də qlobal miqyasda söz sahibinə çevrilməkdə olduğunu bildirib. O, Türk Dövlətləri Təşkilatının (TDT) çətiri altında türk birliyinin möhkəmlənməsinə və daha da inkişaf etdirilməsinə hər kəsin öz sahəsi üzrə töhfə verməsinin vacib olduğunu qeyd edib.
B.Muradova bildirib ki, Azərbaycan bütün beynəlxalq formatlarda həm uşaq, həm də qadın məsələləri ilə bağlı yeni birliklərin yaranmasının təşəbbüskarı kimi çıxış edir. O, sədrliyi dövründə ölkəmizin Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atdığını qeyd edib.
İclasın qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımından önəmini qeyd edən Komitə sədri, nəticəyönümlü müzakirələrin olacağına inamını ifadə edib.
Qonaqları salamlayan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, hazırkı ikitərəfli münasibətlərinin əsasında dayanan tarixi əlaqələrdən söz açaraq, bu münasibətlərin hər bir sahədə daha da inkişaf edəcəyini bildirib. M.Göktaş ailə, qadın, uşaq və sosial xidmət sahələrində təcrübə mübadiləsinin yeni bir mərhələyə yüksəlməsi istiqamətində fikirlərini bölüşüb.
O, iki ölkə arasında əməkdaşlığın həm ölkələrimiz, həm region, həm də beynəlxalq aləmdə önəmli olduğunu diqqətə çatdırıb.
Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirakı ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Mənbə: Dövlət Komitəsinin sədri Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb