Paşinyan müxalifət barədə: ‘Onlar istəyirlər ki, Qars barədə xəyallara dalıb Yerevanı da itirsinlər…’
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsindən danışıb.
O deputatlardan birinin sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığına dair sualına cavab olaraq deyib ki, söhbət SSRİ-nin dağılması anında olan de jure sərhədlərdən gedir və heç bir yeni xəritələr tərtib olunmur:
“1988-ci ilin demarkasiya işlərindən çox danışılır. Birincisi, bir daha vurğulayıram: burada nə vaxtsa və hansısa bir şəkildə görülən iş təsdiqlənir. Bu təsvirə görə həmin iş de jure qüvvəyə minməyib, çünki hüquqi prosedurdan keçməyib. Yəni hüquqi gücü yoxdur. İkincisi bu işin əsasında heç bir xəritə yaradılmayıb”.
Paşinyan parlamentdəkilərə SSRİ baş qərargahının 1969-cu ilin xəritələrinə əsaslanan 1976-cı ilə aid xəritələrini göstərib:
“Çox təfərrüatlı bir iş görərək biz xəritələrdə Ermənistan sərhədlərinin bütün perimetrlərini təsvirləmişik. Biz Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində SSRİ-nın dağılması zamanında de jure hüquqi gücü olan xəritələr əsasında demarkasiya aparmışıq”.
Baş nazir əlavə edib ki, bu təsvir xəritələri tam 19 səhifədən ibarətdir.
Paşinyan bir daha bəyan edib ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir. Baş nazir vurğulayıb ki, “tarixi Ermənistan” ideyasının daşıyıcıları bu məntiqi başa düşməlidirlər.
“Bəzilərinin gözləntiləri”
O çıxışında müxalifətə işarə edərək “bəzilərinin gözləntilərindən” bəhs edib və deyib ki, belə mövqe birbaşa “qeyri-dövlətə, qeyri-suverenliyə, qeyri-vətəndaşlığa aparır”:
“Onlar istəyirlər ki, Yerevanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də Yerevanın özünü itirsinlər. Baxın, real və tarixi Ermənistan arasında olan fərq budur. Onlar istəyirlər ki, real Qafanda oturan adamlar Zəngilan və ya onların sözlərilə desək, Sanasar haqqında xəyallara qapılıb real Qafanı itirsinlər. Bu konseptual müzakirədir. Real Ermənistan gələcəkdir. Biz deyəndə ki, gələcək var, gələcək elə budur”.
Paşinyan sözünə davam edərək deyib:
“Real Ermənistan konkretdir. Biz onun sərhədlərini bilirik və biz səhərdən axşamadək kiməsə ağız açıb “təhlükəsizliyimizi qoruyun” deməkdənsə, onun təhlükəsizliyini təmin edirik. Öz legitim mövqeyimizdə dururuq”.
Azadlıq radiosu