"İşgüzarlar: Sürücülərin İstədiyi Haqq Açıqdır!"
![](https://www.umidtv.com/haber-resimler/1739510383_resize.jpg)
Bakıda fəaliyyət göstərən “İlgim” şirkətinin bir qrup şəxs narazıdır. Məsələ ilə bağlı “Yeni Sabah”ın redaksiyasına şikayət daxil olub. Bildirilir ki, şirkət heç bir əsas olmadan bir neçə sürücünü işdən azad edib. Şikayətçilərin sözlərinə görə, onların iş müqaviləsinə xitam verilmədiyi halda işdən çıxarıldıqları bildirilir. İşdən azad olunanların arasında xeyli sayda Vətən Müharibəsi qazisinin də olduğu bildirilib.
Onların iddiasına əsasən, şirkət tərəfindən nə maaş, nə də təzminat ödənilib. İşçilərə Sabirabada ezam olunmaq və orada işləmək təklif edilib, lakin sürücülər ailə vəziyyətlərini əsas gətirərək bunu qəbul etməyiblər. Şikayətçilər arasında 7 il şirkətdə çalışan qazi atası da var. Onlar haqlarını tələb edir və bu məsələyə müvafiq qurumların müdaxiləsini istəyirlər.
Məsələyə aydınlıq gətirmək üçün “İlgim” şirkəti ilə əlaqə saxladıq. Müəssisənin rəhbəri Nazir Mənsimov saytımıza açıqlamasında bildirdi ki, işçilərə alternativ iş təklif olunub, lakin onlar bunu qəbul etməyiblər: “Sürücülərə başqa iş təklif olunub, ancaq onlar bundan imtina ediblər. Onların arasında ciddi məsuliyyətsizlik edənlər də var. İddia etdikləri səbəblər isə əsasızdır. Təklifi qəbul etmədikləri üçün iş müqavilələrinin xitam verilib.”
Nazir Mənsimov əlavə edib ki, sürücülərin hər hansı əraziyə ezam olunmaları ilə bağlı iş müqaviləsində heç bir göstəriş qeyd olunmayıb.
Bəs qanun bu barədə nə deyir? İş müqaviləsində ezamiyyət (komandirovka) ilə bağlı hər hansı bir qeyd yoxdursa, bu, işçinin ezamiyyətdən imtina etməsi üçün əsas ola bilər. Lakin bu halın işçinin iş müqaviləsinə xitam verilməsi səbəbi olub-olmayacağı bir neçə amildən asılıdır. Əgər işçinin vəzifə təlimatlarında və ya daxili qaydalarda ezamiyyətə getmək tələbi varsa, o zaman işçi bundan imtina etdikdə iş funksiyasını yerinə yetirmədiyi hesab edilə bilər. Bu halda işəgötürən iş müqaviləsinə xitam verə bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçi ilə bağlanan iş müqaviləsində ezamiyyət məsələləri tənzimlənməlidir. Əgər müqavilədə və ya daxili nizamnamədə ezamiyyətə dair hər hansı bir tələbi yoxdursa, işçidən bunu tələb etmək qanuni əsas daşımaya bilər. Müqavilədə işçinin ezamiyyətə göndərilməsi ilə bağlı açıq şəkildə qeyd olunmasa da, işəgötürənin bu səlahiyyəti verilmiş olduğunu göstərən ümumi ifadələr (məsələn, "işəgötürənin göstərişi ilə digər yerlərdə işləmək" kimi) varsa, işəgötürən bunu əsas götürə bilər.
Əgər işçinin ezamiyyətdən imtinasi əsaslandirilmis səbəblərlə (məsələn, sağlamlıq vəziyyəti, ailə vəziyyəti və s.) bağlıdırsa, işəgötürən bu halda işçiyə qarşı iş müqaviləsinin pozulması ilə bağlı tədbirlər görməkdə çətinlik çəkə bilər.
Yeni Sabah
Aytac Şahin