Xocalı Soyqırımı: İnsanlığa Qarşı Ağır Cinayət!

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı həyata keçirilmişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun iştirakıyla Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi, bu faciənin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq hər il fevral ayının 26-sı saat 17.00-da sükut dəqiqəsi elan edilir.
Xocalıda baş vermiş hadisələr zamanı dinc əhali pusquya salınmışdır. Bu hücum nəticəsində 2500-ə yaxın azərbaycanlı, əsasən qadın və uşaqlardan ibarət olan qismi qala bilmək məqsədilə şəhəri tərk etməyə çalışmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüşdür. Qətlə yetirilənlər arasında 106 qadın, 63 uşaq və 70 yaşlı insan vardır, 8 ailə tamamilə məhv olmuşdur.
Qətlə yetirilən insanların xüsusi qəddarlıqla öldürülməsi, o cümlədən 56 nəfərin diri-diri yandırılması, baş dərisinin soyulması, gözlərinin çıxarılması və hamilə qadınların qətlə yetirilməsi hərbi cinayətləri təsdiq edən faktlardır. Eyni zamanda, Xocalı şəhəri tamamilə xarabalığa çevrilmişdir. İşğal nəticəsində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana və 3 mədəniyyət evi dağıdılmışdır.
Xocalı soyqırımı, XX əsrin faciəsi olaraq, xüsusi olaraq erməni siyasətinin nəticəsi olmuşdur. Bu hadisə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi Holokostla müqayisə edilə bilər. BMT-nin 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya qəbul edilmişdir. Xocalıda mülki əhalinin qətliamı, irqi və etnik qruplara qarşı yönəlmiş niyyətlə yanaşı, soyqırımının kriteriyalarını ödəyir.
Xocalı soyqırımının dünya miqyasında tanınması üçün sistemli işlər görülmüşdür. Xocalı soyqırımı bir çox ölkələrin parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Meksika, Pakistan və ABŞ-ın 30-dan çox ştatı bu soyqırımı rəsmi olaraq tanımışdır. 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Konfransında üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən "Xocalıya ədalət" kampaniyası başlayıb. Bu kampaniya, dünya ictimaiyyətinə Xocalı soyqırımının tanıdılması, hüquqi və siyasi qiymətləndirilməsi, erməni hökumətinin üzr istəməsi və qurbanların xatirəsinin yad edilməsi məqsədini güdür. Kampaniyanın strateji məqsədləri arasında Xocalı soyqırımı barəd dünya ictimaiyyətinin məlumatlılığının artırılması da var.
Bu hadisə, həmçinin, tarixi yaddaşın qorunub saxlanması və gənc nəsil tərəfindən unutulmamasını təmin etmək məqsədini güdür.
Aksin Fazil oğlu Hüseynli