AYNA-nın qanunsuz parklanma siyasətinə etirazlar artıb

Son vaxtlar Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz parklanma siyasəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır. Şikayətlər əsasən yaşayış binaları ərazisində pulsuz parklanma yerlərinin zəbt olunması, yüksək cərimələr və AYNA rəhbərinin sakinlərin razılığı olmadan qeyri-rəsmi formalarda ayr-ayrı vəzifəli şəxslərin göstərişlərini həyata keçirməsi ilə bağlıdır.
Digər ciddi qanunsuzluq, AYNA-nın insanları bezdirərək, onlardan topladığı vəsaitlərin ictimaiyyətə hesabatını verməməsi faktıdır. Məsələ ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərov Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona tətbiq olunan cəriməyə etirazını bildirib.
Partiya sədri qurumun fəaliyyətini kəskin tənqid edərək, topladığı vəsaitlərin şəffaflığına dair suallar qaldırıb. İqtisadçı bildirib ki, bu gün maşınını yalnız ofisinin qarşısında saxlayıb və həmin ərazi binaya aid olduğu üçün giriş slaqbaum vasitəsilə mümkündür. Lakin buna baxmayaraq, AYNA tərəfindən cərimə olunub:
“İnsanları bezdirin, yığdıqları vəsait haqqında ictimai məlumat verməyin, yığdıqlarını kefi istəyən kimi xərcləyin, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlmişəm, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, slaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”
Partiya sədri həmçinin çağrı mərkəzinə zəng etdiyini, lakin 4 dəqiqə gözlədikdən sonra telefonun qapatıldığını vurğulayıb. O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb:
“Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zindana gəmirtmisiniz!”
Natiq Cəfərovun AYNA-nın fəaliyyəti barəsində iradlarına bir sıra ictimai şəxslər və ayrı-ayrı vətəndaşlar tərəfindən sosial media üzərindən çoxsaylı dəstək şərhləri verilib. Jurnalist Mayil Agaxanov isə bildirib ki, AYNA-nın fəaliyyətsizliyi ictimai nəqliyyatı iflic edib:
“Bu qurumun başı pul yığmağa qarışıb, ictimai nəqliyyata nəzarətin başını buraxıblar.”
Hərbi ekspert Üzeyir Cəfər isə deyib ki, 20 milyon 15 min 120 manat pul yığılıb:
“BNA necə milyonları çırpışdırıb aradan çıxardıbsa, sabah bunlar da adlarını dəyişib mahiyyətləri dəyişmədən yeni adla daha çox soygunçuluq edəcəklər. Süni tıxaclardan kimlər neçə milyon qazanır, artıq hamı gözəl bilir. 30 günə yüz milyonlarla vəsait yığılır və o pul da rahatca bölünür "ağıllılar" arasında. Biz də saatlarla tıxaclarda deyinib işimizi itiririk. Necədir sizin üçün?”
Yaranan problemlərin həlli üçün yeganə çıxış yolu olaraq, vətəndaşlar AYNA-nı məhkəməyə verməyi təklif edirlər.