"Səkidə yolların tamiri üçün tender imzalandı"

Şəki şəhər İcra Hakimiyyəti şəhərin yollarını əsaslı təmir etmək üçün tender keçirib. Tribunainfo.az xəbər verir ki, bu məqsədlə "EUROLINE" QSC ilə satınalma müqaviləsi imzalanıb.
Bu layihənin dəyəri 661 min 573 manat təşkil edəcək. Layihə çərçivəsində Şəki şəhərindəki bir sıra yolların yenidən qurulması nəzərdə tutulur.
Bildirilib ki, "Euroline" QSC bundan əvvəl Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasını da həyata keçirib. 2021-ci ildən bu məqsədlə 22 milyon 828 min 327 manat dəyərində tenderi qazanıb.
Qeyd edək ki, sözügedən şirkət su sistemlərinin çəkilməsi sahəsində ixtisaslaşıb. İndiyə qədər həyata keçirdiyi işlər də yalnız bununla bağlı olub. Hal-hazırda Şəki İcra Hakimiyyəti su sistemləri quran şirkəti asfalt çəkməyə məcbur edir, bu, maraqlıdır...
"EUROLINE" şirkəti son bir ildə cəmi üç tenderə qatılıb. Onlardan biri yuxarıda qeyd etdiyimiz məsələdir. Digər iki tender, Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin keçirdiyi tenderlərdir. Belə ki, şirkət bu qurumun Ucar rayonunun Qəzyan, Boyat, Bağban, Bərgüzar, Yuxarı Silyan və Qulabənd kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinə dair sifarişi həyata keçirib. Bu işlərin müqabilində isə 6 milyon 665 min 308 manat əldə edib.
İkinci tender isə Cəlilabad rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün sututların təmir-bərpa işləri ilə bağlı olub (Hamarqislaq, Sariqaya, Privolnoye, Uzuntəp-1, Uzuntəp-2 və Ocaqlı sututları). "EUROLINE" bu sifarişi reallaşdırmaq üçün 2 milyon 292 min 460 manat dəyərində müqavilə bağlayıb.
"Euroline" QSC 2023-cü ildə bir neçə böyük tenderlərin qalibi olub. Məsələn, ədliyyə Nazirliyi ilə şirkət 22 milyon manat dəyərində müqavilə bağlayıb. Müqavilədə Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satın alınması nəzərdə tutulur.
Xatırladaq ki, "EUROLINE" şirkətinin ofisi hal-hazırda Yasamal rayonu, Səfa Mehdiyev küçəsi 93 ünvanında yerləşir. Şirkət 1999-cu ildən dövlət qeydiyyatındadır və nizamnamə kapitalı 2200 manatdır. Qanuni təmsilçisi Muhammad Asifdir.