"N?rimanov İcra Hakimiyy?ti ilə mübahisə: Tikinti davam edir"

Baki şəhərində çoxmərtəbəli binaların inşası ilə məşğul olan “Star City Construction” MMC, Nərimanov Rayon İcra Hakimiyyətini məhkəmə qərarlarını icra etməməkdə ittiham edir. Bu barədə şirkətdən daxil olan müraciətdə məlumat verilib.
Qeyd olunub ki, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamla Nərimanov rayonu, Tabriz, Həsənqulu və A.M.Cümə küçələrinin kəsimində yerləşən qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində yeni hündürmərtəbəli binaların tikilməsi məqsədilə 4,44 hektar ərazi “Star City Construction” MMC-nin daimi istifadəsinə verilib. Sərəncama əsasən, layihələndirmə və planlaşdırma işləri aparılıb, zəruri razılaşmalar əldə olunub, torpaq sahəsinin geoloji tədqiqatı və ekspertizası keçirilib. Ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanaraq təsdiqlənib.
Ancak, 1 oktyabr 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti xəbərdarlıq və əsaslandırma olmadan həmin sərəncamı ləğv edib. Sonradan məlum olub ki, eyni ərazi Bakı Şəhər İcra Hakimiyyətinin 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə “Ailə Park” MTK-ya ayrılıb. Şirkət bildirir ki, Nərimanov Rayon İcra Hakimiyyəti əvvəlki sərəncamın (ESRA MMC ilə bağlı olan hissəsi) ləğvini nəzərdə tutan 01.10.2018-ci il tarixli, 356 saylı sərəncama “Star City Construction” MMC-yə aid 16.07.2018-ci il tarixli, 296 saylı sərəncamın da ləğv olunması barədə bənd əlavə edib. Bu əlavə isə əvvəldən bildirilmədən və xəbərdarlıq edilmədən həyata keçirilib.
Maraqlıdır ki, həmin sərəncamda yalnız “ESRA” MMC-nin eskiz layihəsinin qüvvədən düşməsi üçün aidiyyəti quruma müraciət edilməsi qeyd olunsa da, “Star City Construction” MMC ilə bağlı belә bir bəndə yer verilməyib. Buna görə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sərəncamdan xəbərsiz olub və 14 mart 2018-ci il tarixli, 4/244 nömrəli məktub əsasında “Star City Construction” MMC-yə aid eskiz layihəsi hələ də qüvvədədir.
Bu qanunsuzluqla bağlı “Star City Construction” MMC Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxsi qismində “Ailə Park” MTK olmaqla) sərəncamın ləğv edilməsinə dair məhkəmə iddiası qaldırıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-241/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunub və Nərimanov Rayon İcra Hakimiyyətinin 1 oktyabr 2018-ci il tarixli, 356 nömrəli sərəncamının “Star City Construction” MMC-yə aid hissəsi — yəni 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamın hüquqi qüvvədən düşməsi ilə bağlı bənd ləğv edilib.
Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1979/2024 saylı qərarı ilə isə Nərimanov Rayon İcra Hakimiyyəti və “Ailə Park” MTK-nın kassasiya şikayətləri təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Buna baxmayaraq, 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncam — Nərimanov rayonu, Tabriz, Həsənqulu və A.M.Cümə küçələrinin kəsimində yerləşən qəzalı vəziyyətdəki binaların sökülməsi və yerində yeni çoxmərtəbəli binaların tikilməsi məqsədilə 4,44 ha ərazinin “Star City Construction” MMC-nin istifadəsinə verilməsi ilə bağlı hüquqi sənəd — hələ də qüvvədədir. Lakin Ali Məhkəmənin qərarından altı ay keçməsinə baxmayaraq, ərazidə “Ailə Park” MTK tərəfindən tikinti işləri davam etdirilir.
“Altı ay keçməsinə baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Ali Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli qərarını icra etmir. Ərazi bizə təhvil verilməyib, layihənin icrasına başlamaq üçün heç bir şərait yaradılmayıb. Eyni zamanda, “Ailə Park”ın ərazidə apardığı tikinti və söküntü işləri dayandırılmayıb,” — deyə şirkət nümayəndələri bildirir.
Bundan əlavə, Bakı İnzibati Məhkəməsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı 5 noyabr 2024-cü il tarixli, 2-1(112)-2242/2021 saylı iş üzrə məcburi icra verilib. Həmin qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarının icrası tələb olunub və 20 gün ərzində bu barədə məhkəməyə məlumat verilməsi tapşırılıb. Lakin bu müddət keçsə də, heç bir tədbir görülməyib.
Şirkət bildirir ki, məsələ ilə bağlı Prezident Administrasiyasında dəfələrlə görüşlər keçirilib. “Prezident Administrasiyasından dəfələrlə bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq göstəriş veriləcək. Lakin Nərimanov Rayon İcra Hakimiyyəti nə Prezident Administrasiyasının göstərişlərinə, nə də məhkəmə qərarlarına əməl etmir,” — deyə şirkət vurğulayıb.
Şirkət həmçinin vurğulayır ki, onlara alternativ ərazi də təklif olunmayıb. “Bizə ayrılmış 4,44 hektar ərazidən 2,752 hektarı “Ailə Park”a verildikdən sonra qalan 1,688 hektar da bizə təqdim edilməyib. Dəfələrlə bildirmişik ki, əgər sərəncamda göstərilən ərazinin verilməsi mümkün deyilsə, rayonun istənilən digər hissəsində bizə 4,44 hektar ərazi ayrılsın — hətta zibillik sahəsi olsa belə, biz layihəni orada həyata keçirməyə hazırıq. Lakin indiyə qədər bizə heç bir alternativ yer təqdim edilməyib,” — deyə şirkət qeyd edir.
Qeyd edək ki, mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Nərimanov İcra Hakimiyyətinə sorğu verilib.