Ana dilimizin mühafizəsi və inkişafı üçün mübarizə!

 Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir

Ana dilimizin mühafizəsi və inkişafı üçün mübarizə!

Ana dili hər bir xalqın milli sərvəti olaraq, həmin xalqın varlığının təsdiqi hesab olunur. Dil, millətin formalaşmasında mühüm amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, dilində öz əksini tapır. Dil, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir. Xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiq edir. Lakin, Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmamalıyıq.
Sovet imperiyasının tərkibində olan müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Bu vəziyyət radio, televiziya və mətbuatda da özünü göstərirdi.
1977-ci ilin dekabrında SSRI Konstitusiyasının qəbulundan sonra müttəfiq respublikaların Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan SSR-in Konstitusiya layihəsində də dövlət dili aydın şəkildə öz əksini tapmamışdı. Yəni, Azərbaycan dilinin hansı status daşıması ilə bağlı məsələ açıq qalırdı. 1978-ci ilin yazında respublikada layihənin müzakirəsi keçirilsə də, kommunist ideologiyasının hakim olduğu bir vaxtda bu müzakirələr, əsasən, formal xarakter daşıyırdı. Bu taleyüklü məsələnin həllində Heydər Əliyev cəsarəti, Heydər Əliyev qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.
1993-cü ildən ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev, əvvəllər olduğu kimi, Azərbaycan dilinin dövlət səviyyəsində geniş tətbiqi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verərək bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1995-ci ildən Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olsa da, müzakirələrin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.
Ana dilinin inkişafına xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev, 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını da nəzərdə tutan bu fərman, Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Ümummilli liderimiz 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman imzalayaraq, hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsini təmin etdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tuturdu. Ümummilli liderimiz böyük qürur hissi ilə deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm."
Türkan Cümsüdova – YAP üzvü