YARDIMLI RAYON YOLLARINA AYRILAN PULLAR NECƏ YEYİLDİ

YARDIMLI RAYON YOLLARINA AYRILAN PULLAR NECƏ YEYİLDİ

YARDIMLI RAYON YOLLARINA AYRILAN PULLAR NECƏ YEYİLDİ

ÜMİDTV:    Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il noyabrın 28-də imzaladığı sərəncamla iyirmi min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 9 milyon manat vəsait ayrılmışdı.


Yardımlı rayon yol idarəsinin müdiri Yaqub müəllim  isə, “Cənab Prezident, Siz vəsait ayırmağınızda olun, görün mən nələr edirəm” şuarı altında 9 milyon manatın başına elə bir oyun açdı ki, rayon camaatı da bilmədi o boyda vəsait haradan gəldi, hara getdi... Adı çəkilən istiqamətdə çəkilən yol (əgər yol demək mümkünsə) hal-hazırda elə bir vəziyyətdədir ki, sanki ”Dəmir yumruq” əməliyyatı həmin marşrut üzrə aparılıb. Yaqub yol çəkməyib, yolu və yola ayrılan vəsaiti “cəhənnəmə” göndərib. Axı yolun çəkilmə qaydaları var. Yolun alt qatı müəyyən olunmuş materiallarla bərkidilməli, su keçidləri, arxlar çəkilməli, istinad divarları hörülməli, asfalt örtüyündən kənarda da müəyyən məsafələr də çınqılla bərkidilməlidir. Asfaltın enliyi, qalınlığı standartlara uyğun olmalıdır. Sadalanan kriteriyaların heç biri Yaqub müəllimin  çəkdiyi yolda yoxdur və müşahidə olunmur, oluna da bilməz. Çünki, Yaqub müəllimin öz standartları, öz taktikaları var...  Onun standartlarına uyğun çəkilən həmin yol ili tamam olmamış artıq dağılıb məhv olmaq üzrədir. Harada görülüb təzə çəkilən yola  yamaq vurasan!? Yolun hər metrində bir yamaq. Yamaqları da hesab-kitab edəndə gedib çıxır kəllə-çarxa. Qısası nə həmin adı çəkilən  yolun, nə də ki, belə özbaşınalığın heç yerdə analoqu yoxdur... Dava 9 milyonun davası imiş. Yaqub və ətrafı yedi, əziyyətin xalq çəkir...Yardımlı rayonunda nəinki kənd yolları, hətta Yardımlı – Masallı magistral yolu, Yardımlı rayon mərkəzi küçə yolu da çox bərbad və acınacaqlı bir vəziyyətdədir.  Bir şeyi yaxşıdır ki, kimin böyrək daşı varsa, bu kələ-kötürlü yolu qət etməklə ağrısız, narkozsuz böyrək daşlarından azad ola bilər, daha əməliyyata ehtiyac qalmaz. Bütün rayon camaatı, xüsusən sürücülər, sərnişinlər və bu yoldan istifadə edənlər həqiqəti təsdiq edə bilər. Necə ki, Yardımlı yolu qurtarır, Masallı və başqa magistral yollara çıxırsan, sanki kosmosda olduğunu hiss edirsən. Görün Yaqub və səlahiyyətli şəxslər Yardımlı camaatını nə günlərə qoyub. Magistral yol məsələsinə növbəti yazılarımızda toxunacağıq...

 Əsas tələbimiz:

Biz Yardımlı camaatı olaraq həmin çəkilən yolun mütəxəsislər tərəfindən yenidən yoxlanıb, araşdırılıb qiymətləndirilməsini, dövlət başçısına və xalqa hesabat verilməsini istəyirik. İstəyirik ki, Yaqub kimi və ona arxa duran yırtıcılar və küllü miqdarda dövlətə və dövlət əmlakına ziyan vuran məmurlar cəzalandırılsınlar. Dövlət əmlakına öz dədələrinin əmlakı kimi baxanlar qanuni  şəkildə “damğalansınlar”... İnanırıq ki, cənab Prezidentimiz Yardımlı camaatının haqlı narazılığını nəzərə alıb “ac canavarlar” haqqında lazımi ölçü götürəcək...bu mövzuya yenidən qayıdacağıq....qarşı tərəf öz mövqeyini bildirə bilər...