Şuşa Bəyannaməsində əlavə qarant rolunu oynayan faktor nədir? - ŞƏRH

Şuşa Bəyannaməsində əlavə qarant rolunu oynayan faktor nədir? - ŞƏRH

Şuşa Bəyannaməsində əlavə qarant rolunu oynayan faktor nədir? - ŞƏRH

“Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı iqtisadi münasibətlərin də genişlənməsinə imkan yaradacaq”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov yazıb.

O bildirib ki, bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır:

“Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından da vacib hesab olunur.

Digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsidir. Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmağa yeni imkanlar yaradacaq”.

Millət vəkili bildirib ki, sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi də nəzərdə tutulur:

“Ötən il Türkiyə Azərbaycandan 9,58 milyard kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz çoxdur. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir”.

Vüqar Bayramov əlavə edib ki, vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir:

“Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin strateji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusilə də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq”.