Zəfər Günü münasibətilə Əhmədiyyə Cəbrayılovun Fransadakı xatirə lövhəsi ziyarət edildi
Fransanın Tuluza şəhərində yaşayan soydaşlarımız 8 noyabr - Zəfər Günü münasibətilə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılovun Montaban şəhərinin Neqrapolis qəsəbəsində yerləşən xatirə lövhəsini ziyarət ediblər.
Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fransanın Oksitan regionunda yaşayan azərbaycanlıları birləşdirən “Azərbaycan İcması Birliyi” (Union de Communite la Azeridjanise - UCA) icmasının təşkilatçılığı ilə baş tutan ziyarət zamanı bir qrup diaspor fəalı Əhmədiyyə Cəbrayılovun və onun oğlu, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Lövhənin önünə gül dəstəsi qoyan, Azərbaycan və Fransa bayraqlarını dalğalandıran soydaşlarımız bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbə bütün şəhidlərimizin, o cümlədən qəhrəman Cəbrayılovların arzusunun yerinə yetirilməsi və ruhlarının şad olması deməkdir.